Xankəndi-Laçın yolunda baş verən aksiya bizim sülhün tərəfdarı olduğumuzu sübut etdi
Aytən Əliyeva
İctimai fəal
Ermənistan öz işğalçı planını həyata keçirməklə bərabər, 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə şəhər və kəndləri xarabalığa çevirir, maddi-mədəniyyət abidələrimizi yer üzündən silməklə, təhqir etməklə yanaşı, həm də yeraltı-yerüstü sərvətlərimizi– mineral su mənbələrini, 246,217 hektar meşə sahəsindən ibarən meşə fondunu, 152 dövlət təbiət abidəsini, 5 ədəd geoloji obyekti və 155 növ faydalı qazıntı yatağını talayıb.
Mənfur düşmən Zəngilan, Ağdam, Kəlbəcər, Qubadlı və digər rayonlarda qiymətli ağac növlərini qazanc götürmək məqsədilə məhv edərək, yarımfabrikat kimi xarici ölkələrə satmışdır. Bu faktı da diqqətə almaq lazımdır ki, işğalın son illərində Ermənistan Qərb ölkələrinə məxsus şirkətlərin köməyilə meşəçilik sahəsində istehsalını 10 dəfə artırmış və bu göstərici Azərbaycan meşələrinin qırılması hesabına reallaşdırılıb.
Ümumi sahəsi 8 min hektardan çox olan palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc və qozdan ibarət qiymətli və çoxillik sıx meşələrdən ibarət bənzərsiz bir ekosistemin məhv edilməsi endemik biomüxtəlifliyə ən ağır zərbədir. Bu zərbə ilə Ermənistan qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaları, o cümlədən, “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasını pozmuşdur.
Flora və faunanın ən qiymətli ağacları ilə zəngin olan Qarabağ meşələri vəhşicəsinə qırılmış, tar-mar edilib, xaricə daşınmışdır. Yaşıllıq zənginliyinə öyrəşmiş quşlar, heyvanlar bu yerlərdən perik düşmüşdür. Təbiətin müvazinəti, balansı pozularaq torpağın erroziyası başlanılmışdır.
Faşist xislətini göstərən ermənilərin işğal etdikləri ərazilərdə törətdikləri bu vəhşilik , bu ekoloji terror barədə dəfələrlə həyəcan təbili çalınsa da, beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırılsa da, heç bir nəticə verməyib. Düşmən işğalçıların tapdağı altında qalmış 43 min hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqlarında, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilmişdir.
Ermənistanın ölkəmizə qarşı ekoloji terroru bununla bitmir. Düşmən 1999-cu ildən başlayaraq işğal olunmuş ərazilərdə və həmin sahələrə yaxın torpaqlarda yanğınlar törətmişdir. Nəticədə geniş miqyasda həm torpaq qatı, həm də fauna və flora növləri məhv olunmuşdur. Belə ki, 2006-cı ildə 63414 hektar, 2007-ci ildə 31097 hektar, 2008-ci ildə 380 hektar, 2009-cu ildə 250 hektar ərazi qəsbkar tərəfindən yandırılmışdır.
Bir sözlə, işğalçılar göl və çaylar vasitəsilə ekoloji terror törətmişdir. Bununla da Azərbaycan ərazisindən keçən Araz çayının 43 kilometr hissəsində mikroflora və mikrofaunanı tamamilə məhv etmişdir.
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib: “Düşməndən təmizlənən ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i dünyanın heç bir yerində təbii halda nəzərə çarpmayan endemik bitkilərdir. İşğal zamanı Qarabağ və ətraf rayonların florası ilə bağlı vəziyyət barədə hələlik geniş məlumat yoxdur. Bunu nəzərə alaraq, həmin ərazilərdə nadir və nəsli kəsilməkdə olan flora növlərinin araşdırılmasına başlanılacaq. Bu məqsədlə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşrinin hazırlanması və çapı planlaşdırılır”.
Nazirin bildirdiyinə görə, xüsusi mühafizə olunan təbiət ərazilərimizdən Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, həmçinin Laçın, Daşaltı və Arazboyu yasaqlıqlarda biomüxtəlifliyin mühafizəsi nəzarətsiz qaldığından 30 il ərzində mənfur düşmənin hərbi-siyasi rejiminin iqtisadi fəaliyyəti nəticəsində flora və fauna vandalcasına istismar olunmuşdur. Erməni faşizmi tərəfindən Zəngilan rayonunun ərazisində adı Azərbaycanın “Qırmızı Kitabı”na yazılmış Şərq çinarlarını – bu nadir təbiət incilərini qorumaq məqsədilə 107 hektarlıq sahədə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğu da məhv edilib. Laçın rayonu ərazisində dəniz səviyyəsindən 2650-2700 metr hündürlükdə yerləşən Qaragöl Dövlət Təbiət Qoruğunun bitki örtüyü sistemsiz şəkildə daim otarılmaqla korlanıb. Laçın Dövlət Təbiət Yasaqlığındakı məməlilər (cüyür, qayakeçisi, çöl donuzu) və quşlar (turac, kəklik) da işğal dövründə sıradan çıxarılmışdır.
Şuşa şəhərinin ətrafında yaradılan Daşaltı Dövlət Təbiət Yasaqlığı isə bir vaxtlar Azərbaycanın ən səfalı və füsunkar təbiəti, tarixi abidələri ilə tanınırdı. Burada zəngin meşə, kol və ot bitkilərini qorumaq, etalon ərazi kimi saxlamaq əvəzinə, təbii sərvətlərə dərin yaralar vurulmuşdur. Tuqay meşələrinin qorunması və bərpası məqsədi daşıyan Arazboyu Dövlət Təbiət Yasaqlığı da, təəssüf ki, erməni faşizminin qurbanı olmuşdur.
İşğaldan azad olunan ərazilərimizdə biomüxtəlifliyin mühafizəsi üçün xüsusi mühafizə olunan təbiət ərazilərimizin (qoruq və yasaqlıqlar) bərpası, həmçinin ekoturizmin inkişafı baxımından yeni kateqoriyalı milli parkın (və ya parkların) yaradılması gündəmdə olan məsələdir.
Topxana meşəsinin qadağan olunmuş ağ fosforla məhv edilməsi, Kəlbəcərdə ağacların kəsilməsi, meşələrin yandırılması və ətraf mühitə qəsdən zərər verilməsi təbiətə qarşı ən ağır cinayətlərdir. Bu barbarlıq, vəhşilik yayılan foto və videolarda daha aydın nəzərə çarpır. Həmin ekoloji cinayətləri illərlə “Azərkosmos”dan alınan foto faktlar da təsdiqləyir. Eyni zamanda, yaşıllıqlara, meşə sahələrinə, bölgənin biomüxtəlifliyinə qarşı törədilən soyqırımı yaradılmış əməliyyat qrupunda təmsil olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən monitorinqlərin nəticələrindən də aydın görünür.
Təbiətin məhv edilməsinə, azərbaycanlılara nifrət və düşmənçiliyin bu cür vəhşi formada ifadəsinə son qoyulması və ziyanların hesablanması üçün beynəlxalq müşahidə və qiymətləndirmə qruplarının Azərbaycana dəvət olunması qərara alınıb. Ekoloji terror faktlarına qiymət verilməsi üçün səyləri davam etdirməklə yanaşı, düşməndən təmizlənən ərazilərdə hazırda ekoloji tarazlığın bərpası istiqamətində müxtəlif növ tinglərin əkilməsinə
Qarabağ və Zəngəzurun təbiəti işğaldan azad ediləndən sonra müzəffər Prezident, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə 2021-ci ilin fevral ayında Zəngilan rayonu ərazisində Bəsitçaya iki min ədəd körpə kür qızıl balıqları və çay qızılxallı forelləri, may ayında isə Qubadlı rayonu ərazisində Həkəri çayına min ədəd çay qızılxallı forelləri buraxılıb.
İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış çərçivəsində qarşıda duran əsas vəzifələrdən biri də, məhz həmin ərazilərdə təbii və keyfiyyətli ekosistemin, bioloji müxtəlifliyin, habelə nadir və itməkdə olan bitki növlərinin bərpa edilərək sağlamlaşdırılmasıdır. Bu ərazilərdə müasir yanaşmaların tətbiqi əsasında unikal meşə fondunun və mühafizə olunan təbiət komplekslərinin fəaliyyətinin bərpa edilməsi bütövlükdə regionun “yaşıl zona”ya çevrilməsinə şərait yaradacaqdır.
Artıq işğaldan azad olunan ərazilərdə ətraf mühitin sağlamlaşdırılması və təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə qorunub saxlanılması istiqamətində genişmiqyaslı tədbirlərə başlanılıb.
Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanın inzibati ərazisində 107 hektar sahədə yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin bərpa edilməsi ilə bağlı Prezident İlham Əliyevin 20 oktyabr 2021-ci il tarixli sərəncam imzalaması da bunun bariz ifadəsidir.
Qarabağdan hər gün xoş xəbər alırıq. Bu ərazi, demək olar ki, böyük tikinti meydançasına çevrilib. Təbiətimiz də daha rahat nəfəs alır. Parklar, qoruqlar bərpa olunur. Məhsuldar torpaqlar minalardan təmizlənir. Çirkləndirilmiş çaylar, göllər durulur.
Ölkəmizin apardığı bütün bu tədbirlərə baxmayaraq mənfur düşmən öz xislətindən əl çəkmir, bəd əməllərinə son qoymur, ekoterrora davam edir.
Buna etiraz olaraq dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi, vətəndaş cəmiyyətinin fəalları, ekoaktivistlər, könüllü şəxslər Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.Bu aksiyada ən çox diqqətçəkən nüans etirazçıların Laçın keçidində sülhməramlıların fəaliyyətinə hər hansı problem yaratmamasıdır.
Xankəndidə yuva salan terrorçu rejimin plastilin fiqurları, İrəvanda olan revanşistlər həşir qoparır, guya ki Azərbaycanın Qarabağ ermənilərinə humanitar fəlakət yaşatdığını iddia edirdilər. Ancaq videofaktlar özü sübut edir ki, ekofəalların aksiyası heç də sülhməramlı kontigentin fəaliyyətinə qarşı əngəl olmayıb. Əksinə, tələblər faydalı qazıntıların, yeni mədənlərin istismarı ilə bağlı monitorinq aparılmasıdır. Ona görə də bu hadisələr, Xankəndi-Laçın yolunda baş verən aksiya bizim sülhün tərəfdarı olduğumuzu sübut etdi.
Azərbaycan əl uzadır ki, gəlin birgə yaşayaq, Qarabağda yaşamaq hələ ermənilərə haqq vermir ki, sərvətləri talan edə bilərlər. Odur ki, bu bölgədə sülhün alternativi yoxdur. Onlar bu aksiyalarla anlamalıdırlar ki, separatizmin halqası daralıb, gücləri qalmayıb, hətta Ermənistan hakimiyyətinin də Xankəndi quldurlarına kömək etməyə əli çatmır. Ona görə vəziyyətlə hesablaşmalıdırlar.
Bu aksiyalar başlanğıcdır, növbəti addımlar gəlməlidir, suverenliyimiz Qarabağın bütün torpaqlarında təmin edilməlidir.