Aynur Həsənova
YAP Suraxanı rayon təşkilatının üzvü
Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının müəllimi
28 May tariximizə Müstəqillik günü kimi daxil olub. Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir. Çünki həmin gün – 1918-ci il mayın 28-də – Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdır. 1918-ci il mayın 28-də “İstiqlal bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edilirdi. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman-şərqində yaranmış ilk xalq-demokratik respublikası idi. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Onu qazanmaq və qoruyub saxlamaq qurban tələb edir.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Ölkəmizə əsən şimal küləyi müstəqilliyimizi təhlükə altında qoydu. Azərbaycanın müstəqillik qazanması ilə barışa bilməyən Sovet Rusiyası 1920-ci il aprelin 27-də 11-ci ordunu ölkəmizə yeridərək müstəqilliyimizə son qoydu. Təəssüflər olsun ki, uzun mübarizədən sonra bərpa edilmiş müstəqillik tezliklə itirildi. Onun süqutundan sonra Sovet imperiyasının 70 illik əsarəti dövrü başladı.
Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi.
Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.
Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.