Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda”, "Döyüşdə fərqləndiyinə görə","Kəlbəcər uğrunda" və "Şücaətə görə" medallarına layiq görülən şəhid Qasımzadə Tahir Sərdar oğlunun 21-ci doğum günü məzun olduğu 317 nömrəli tam orta məktəbdə qeyd edilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri şəhidin ailə üzvlərini ziyarət edib, eləcə də 317 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb, şəhidimizin həyatını özündə əks etdirən video-çarx nümayiş olunub.
317 nömrəli tam orta məktəbin direktor əvəzi Gülarə Mirzəyeva Tahirin keçdiyi ömür yolundan, məktəbin məzunu olmasından qürurla söz açıb, təhsil illərində özünü bacarıqlı şagird kimi göstərdiyini, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazandığını, igidliyilə gənclərə örnək olduğunu bildirib.
Məktəblilərin təqdimatında bədii kompozisiya təqdim edilib, vətənə və qələbəyə aid şeirlər səsləndirilib.
Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində döyüş meydanında qazanılan qələbənin siyasi arenada da uğurla davam etdirildiyini vurğulayan RİH başçısı Əziz Əzizov qeyd edib ki, Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb. Rayon rəhbəri qeyd edib ki, Dövlət başçımızın işğaldan azad edilmiş ərazilərə səfərləri, ən qısa zamanda görülən işlər deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlarda həyat qaynayacaq, bu ərazilər təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək.
Həmçinin, şəhidimizin nənəsi Rəqiyyə xanım çıxış edərək ölkəmizdə şəhid ailələrinə göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü ifadə edib.