Noyabrın 18-də Vətən müharibəsi şəhidi Səfərov Şahmar Nazim oğlunun anım günü qeyd edilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan "3-cü dərəcəli Rəşadət" ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülən Şəhid Səfərov Şahmar Nazim oğlunun anım günü qeyd olunub.
Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, 101 saylı tam orta məktəbin kollektivi şəhidin Fəxri Xiyabanda məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
RİH başçısı Əziz Əzizov və YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətindən, döyüş meydanında olduğu kimi, diplomatiyada da qazanılan uğurlardan işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən sürətli abadlıq-quruculuq işlərindən danışıb, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının davamlı göstərildiyini qeyd ediblər.
Şəhidin anası Pakizə xanım övladı ilə qürur duyduğunu bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz minnətdarlığını ifadə edib.