Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur

Gülnar Həsənova

YAP Suraxanı təşkilatının üzvü

Xarici dillər təmayüllü gimnaziyanın müəllimi

Hər bir xalqın ana dili onun varlığının ən başlıca göstəricisi, özünütəsdiqidir. Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim dillərdəndir. Öndər Heydər Əliyev deyirdi: ”Dilimiz çox zəngin və ahəngdar dildir,dərin tarixi köklərə malikdir.Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.

70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu.

Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur. Azərbaycan Respublikasının müstəqilliyinin  10-cu  ildönümünə həsr edilmiş tədbirlərdə  Ümummilli  Lider  demişdir: “Bu  10  ildə  bizim ən böyük nailiyyətlərimizdən  biri   Azərbaycan Dövlət dilinin, ana  dilinin  hakim  olmasıdır. Biz  dünyaya   nümayiş  etdirdik  ki, dünyada Azərbaycan  xalqı  var,  Azərbaycan milləti  var,  Azərbaycan  dili  var!“

Heydər  Əliyev Azərbaycan  dilinin  zənginləşməsi  istiqamətində  müxtəlif vasitələrdən  istifadə  etmişdir.  Dilçi  alimlərə  yüksək  diqqət  yetirilməsi  və qayğı göstərilməsi, dövlət  dilimizdə    kitabların  nəşrlərinin   artırılması və  yüksək səviyyəli  tədbirlərin  ana  dilində  keçirilməsi  dilimizin   inkişaf   yönlərindəndir.