Ulu Öndər Heydər Əliyev Novruz Bayramına böyük əhəmiyyət verən ali dövlət xadimi idi

Ulu Öndər Heydər Əliyev Novruz Bayramına böyük əhəmiyyət verən ali dövlət xadimi idi

Aysun Süleymanlı

"Odlar Yurdu" universitetinin tələbəsi

YAP Suraxanı rayon təşkilatının fəal gənci

Novruz bayramı Azərbaycan xalqının ən qədim və əziz bayramlarından biridir. Bu bayram təkcə yeni ilin başlanğıcı deyil, həm də milli birlik, həmrəylik, sülh və mənəvi dəyərlərin təcəssümüdür. Azərbaycan xalqı əsrlər boyu Novruzu təkcə təbiətin oyanışı kimi deyil, həm də insan qəlbindəki yenilənmə, barış və dostluğun simvolu kimi qeyd edib. Novruz bayramı minilliklər ərzində formalaşmış zəngin ənənələrə malikdir.

Bayramın dörd əsas çərşənbəsi – Su, Od, Yel və Torpaq çərşənbələri – qədim inanclara və dörd ünsürün həyati roluna əsaslanır. Bu çərşənbələr Novruzun təbiətlə sıx bağlılığını göstərir. Hər il baharın gəlişi ilə qeyd olunan Novruz bayramı evlərdə təmizlik işləri aparmaq, yeni arzularla masa açmaq, səməni göyərtmək və şənliklər təşkil etməklə qeyd olunur.

Baharın gəlişini, yeni ilin başlanğıcını ehtiva edən bu bayram UNESCO tərəfindən qeyri-maddi mədəni irs kimi tanınmış, hətta novruz təkcə Azərbaycan xalqı üçün deyil, bütün Şərq dünyası üçün böyük əhəmiyyətə malik olunmuşdur. 2010-cu ildə BMT Baş Assambleyası Novruz bayramını beynəlxalq bayram kimi elan edilmişdir. Hər il mart ayında Novruz Azərbaycan Respublikasında geniş miqyasda qeyd olunmuş, dövlət səviyyəsində rəsmi tədbirlər təşkil edilmişdir.

Ulu Öndər Heydər Əliyev Novruz Bayramına böyük əhəmiyyət verən dövlət xadimi idi. O, həm SSRİ dönəmində, həm də müstəqillik illərində Novruzu xalqın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsi kimi dəyərləndirirdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdı və Novruzun dövlət səviyyəsində geniş qeyd edilməsinə şərait yaratdı. O, Novruzu yalnız bayram kimi deyil, həm də Azərbaycan xalqının milli kimliyinin və tarixinin bir hissəsi kimi görürdü.

Ümumilli Lider Heydər Əliyev Azərbaycanda milli-mənəvi dəyərlərin dirçəldilməsinə və qorunmasına xüsusi diqqət yetirmiş, Novruz bayramı ilə bağlı adət-ənənələrin təbliğinə və saxlanılmasına şərait yaratmışdır. O, 21 mart 2000-ci ildə bayram münasibətilə çıxışında demişdir:  “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.” Bu sözlər Novruzun əsl mahiyyətini əks etdirir. Novruzun əsas fəlsəfəsi insanlar arasında barış, dostluq və birliyi möhkəmləndirməkdir.

Prezident cənab İlham Əliyev də Novruz Bayramına xüsusi diqqət yetirir. Hər il bayram münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayır və Novruz tonqalı ətrafında keçirilən rəsmi tədbirlərdə iştirak edir. Habelə, 2022-ci ildə Prezident İlham Əliyev Suqovuşanda bayram tonqalını qalayaraq bu torpağın tarixi əhəmiyyətini vurğulamışdır: “İkinci dəfədir ki, tarixi Zəfərimizdən sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik”.

Prezident cənab İlham Əliyev 18 mart 2023-cü ildə  Talış kəndində çıxışı zamanı bildirib:“Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm.”

Bu, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davam etdiyini göstərirdi. Talış kəndi də bərpa olunan yaşayış məntəqələri sırasında xüsusi yer tutur.

2024-cü ildə Prezident İlham Əliyev Xankəndidə Novruz bayramı münasibətilə çıxış edərək bildirdi: “Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır.”Bu, Azərbaycanın suverenliyinin tam bərpa edilməsinin rəmzi oldu. Artıq xalqımız azad Qarabağda bayramını qürurla qeyd edirdi.

Prezident cənab İlham Əliyev Novruzun Azərbaycanın milli kimliyinin və dəyərlərinin ayrılmaz hissəsi olduğunu vurğulayır və xalqın birlik və həmrəyliyinin rəmzi kimi qeyd edir. Xüsusilə 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Novruz bayramı Azərbaycan üçün yeni bir məna qazandı – bu bayram artıq həm də zəfərin, torpaqların azad edilməsinin rəmzinə çevrildi.

İlham Əliyev 20 mart 2021-ci ildə Şuşada keçirilən Novruz bayramı tədbirində çıxış edərək bildirib: “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik.”

Bu, Azərbaycan xalqının tarixi qələbəsinin rəmzi idi. Şuşa şəhərinin azad edilməsi Novruz bayramını daha da möhtəşəm etdi və bayram tonqalı azad Qarabağ torpağında yandı.

Bundan əlavə, Prezident İlham Əliyev Novruz bayramı çərçivəsində şəhid ailələri, qazilər və aztəminatlı ailələrlə bağlı sosial dəstək tədbirlərinə xüsusi önəm verir. Həmçinin, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində Novruz tədbirləri təşkil olunur ki, bu da milli birlik və ərazi bütövlüyünün bərpasının rəmzi hesab edilir.

Birinci vitse-prezident çox hörmətli Mehriban Əliyevanın təşəbbüsü ilə 2007-ci ildə “Hərəmiz bir ağac əkək” kampaniyası başlanmışdır. Bu layihə Novruzun təbiətə və ekoloji dəyərlərə verdiyi önəmi bir daha vurğulayır.

Azərbaycan xalqı Novruzu təkcə yeni ilin başlanğıcı kimi deyil, həm də milli birlik, həmrəylik və dostluq bayramı kimi qeyd edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi: “Bu gün biz qurub-yaradırıq.”

Bu, Azərbaycan xalqının Novruz ənənələrini qoruyub saxlaması və gələcək nəsillərə ötürməsi üçün mühüm bir mesajdır. Novruz hər zaman Azərbaycan xalqının birlik, sülh və qələbə ruhunu özündə yaşadacaq!

Bu bayram, torpaqlarımıza qayıdışın, abadlıq və quruculuq işlərinin rəmzi kimi, gələcəyə ümid və inamla baxmağımıza səbəb olur. Azərbaycan dövləti azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri apararaq, bu torpaqlara yeni həyat verir. Qoy Novruzun ruzi-bərəkət və firavanlıq gətirən nuru bütün Azərbaycanı, o cümlədən bütün tarixi torpaqlarımızı əhatə etsin!

Qarşıdan gələn illərdə Novruz tonqallarının daim azad torpaqlarda qalanması arzusu ilə!