Qubadlıda həyat yenidən canlanır

Şəbnəm Sərdarlı
Həkim-terapevt, YAP Suraxanı rayon təşkilatının təəssübkeşi
Qubadlı rayonu Azərbaycanın cənub-qərb bölgəsində, Araz çayının sol sahilində yerləşir. Mühüm strateji mövqeyi, füsunkar təbiəti, rəngarəng kənd təsərrüfatı, zəngin tarixi ilə diqqət mərkəzində olan, milli-mənəvi dəyərlərimizin, qədim adət-ənənələrimizin qorunub saxlanıldığı bölgələrimizdən biridir. 1993-cü il 31 avqust tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Qubadlı rayonu tam 27 ildən sonra Azərbaycan ordusunun peşəkar döyüş əməliyyatları nəticəsində 2020-ci il oktyabrın 25-də işğaldan azad edildi.
Ali Baş Komandanın rəhbərliyi altında Qubadlı şəhərinin mərkəzində Azərbaycan bayrağının ucaldılması mühüm bir tarixi zəfər idi. Cənab Prezidentin uzaqgörənliyi, yüksək siyasi təfəkkürü, döyüş bölgələrində əməliyyat planlarının ardıcıllığını düzgün dəyərləndirməsi Azərbaycan tarixində yeni bir səhifənin açılmasına səbəb oldu.
Qısa müddətdə Qubadlıda da həyatın bərpası ictimaiyyətdə böyük rezonans doğuran hadisə, eyni zamanda ölkə başçısının işğaldan azad olunan torpaqlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsi idi. Qısa müddətdə nəqliyyat infrastrukturundakı əsaslı yeniliklər, yeni səhiyyə ocaqlarının yaradılması, orta məktəb, musiqi məktəblərinin bərpası, Qubadlı şəhəri və ətraf kəndlərin içməli su və elektrik enerjisi ilə təmin olunması xalqımızın Böyük Qayıdış planına olan güvən hissini daha da gücləndirdi. Bugün çox inamlı şəkildə qeyd edə bilərik ki , Qubadlıda həyat yenidən canlanır.
Tarixi zəfərin qazanılmasında həm ön cəbhədə, həm də arxa cəbhədə Azərbaycan əsgəri ilə birlikdə torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan, böyük fədakarlıq göstərən, qəhrəmanlıq rəmzinə çevrilən ṣəhid həkimlərimizi özəlliklə yad etmək istəyirəm.
Bir həkim olaraq çox böyük qürur hissi keçirdirəm ki, ən Ali zirvə - Şəhidlik zirvəsinə ruhu ucalan, vətənə olan böyük sevgisini ölümlə üz-üzə dayanaraq , qorxmadan qürurla etiraf edən həkimlərlə eyni universitetdə təhsil alıb, eyni auditoriyaları bölüşmüşəm. Bütün qəlbimlə inanıram ki, ruhunuz şaddır. Əziz xatirəniz isə hər zaman bizimlədir. Böyük sevgi, sərhədsiz fədakarlıq simvoluna çevrilən kolleqalarım, Siz həkimliyin və vətənpərvərliyin zirvəsindəsiz. Allah şəhidlərimizə rəhmət eləsin.