Son illər Azərbaycan-Qazaxıstan əlaqələri yüksək dinamika ilə güclənərək yeni mərhələyə qədəm qoyub
21 oktyabr tarixində Astanada Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası keçirilib. İclas çərçivəsində iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən məsələlər, qarşılıqlı münasibətlərin gələcək inkişaf perspektivləri müzakirə olunub. Dövlət başçılarının görüşü ortaq dəyərlərə, dostluq və qardaşlıq əlaqələrinə əsaslanan strateji tərəfdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu ifadə edir.
Son illər Azərbaycan-Qazaxıstan əlaqələri yüksək dinamika ilə güclənərək yeni mərhələyə qədəm qoyub. Bu mərhələ ölkələrimizin rihafına xidmət edən dərin məzmunla səciyyəvidir. Əgər əvvəlki dövrlərdə münasibətlər daha çox diplomatik bərqərarlaşma və ilkin əməkdaşlıq üzrə idisə, son 20 ildən artıq müddət ərzində bu əlaqələr şaxələnərək iqtisadi, funksional və infrastruktur istiqamətli olaraq strateji xarakter alıb.
Səfər çərçivəsində ikitərəfli əlaqələrin bütün sahələrdə – siyasi, iqtisadi, nəqliyyat-logistika, energetika, rəqəmsal infrastruktur – genişləndirilməsi ilə bağlı niyyət ortaya qoyulub. İkitərəfli ticarət dövriyyəsinin qarşıdakı dövrdə 1 milyard ABŞ dolları səviyyəsinə çatdırılması hədəflənir. Xüsusilə “Orta Dəhliz çərçivəsində əməkdaşlığın fəal təşviqi xüsusi diqqət mərkəzindədir. Qazaxıstanin Aktau, Kurik limanları ilə, Azərbaycanın Bakı/Ələt limanları arasında infrastrukturun gücləndirilməsi nəzərdə tutulur.
Astanada keçirilən görüşlər çərçivəsində Cənubi Qafqazda sülhün möhkəmlənməsi, nəqliyyat-logistika imkanlarının genişlənməsi və iqtisadi əməkdaşlığın dərinləşməsi istiqamətində səmərəli müzakirələr aparılıb. Tərəflər birgə fəaliyyətin, regional sabitliyin və qarşılıqlı etimada əsaslanan mühitin daha da gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər.Azərbaycan və Qazaxıstan uzun tarixən formalaşmış mənəvi, mədəni və tarixi köklərlə sıx bağlıdır. Dövlətlərarası münasibətlərin təməli məhz bu bünövrə üzərində qurulub.
Son üç il ərzində baş tutan qarşılıqlı səfərlər münasibətlərin intensivliyini təmin edib. Bu çərçivədə konkret addımlar atılır və əldə olunan razılaşmaların icrası dövlət başçılarının birbaşa nəzarətində saxlanılır. Bu münasibətlər təkcə ikitərəfli deyil, həm də regional sabitlik və geosiyasi balans baxımından mühüm əhəmiyyət daşıyır. Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yaranan yeni əməkdaşlıq trayektoriyası regionda strateji sabitliyin, iqtisadi inteqrasiyanın və nəqliyyat əlaqələrinin təzahürünə çevrilir.
Azərbaycan-Qazaxıstan birliyi məhz bu səmərəli əməkdaşlıq modelinə, qarşılıqlı etimada və birgə inkişaf fəlsəfəsinə əsaslanaraq dövlətlərimizin tərəqqisi üçün nikbin proqnozlar yaradır.