Qubadlıda Azərbaycan bayrağının ucaldılması tarixi hadisədir
25 oktyabr Azərbaycan tarixində qürurverici günlərdən biridir. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. Bu tarixi hadisə xalqımızın birliyinin, ordumuzun qəhrəmanlığının və dövlət başçısının qətiyyətli iradəsinin parlaq təzahürüdür.
Prezident İlham Əliyev bu münasibətlə çıxışında bildirmişdir: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.”
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgərlərimizin şücaəti və xalqımızın birmənalı dəstəyi sayəsində xalqımız Qubadlının işğal tarixini deyil, artıq onun işğaldan azad edilməsi tarixini qeyd edir. Buna görə də şəhidlərimiz, yaralılarımız və qazilərimizə, ümumiyyətlə Qələbəmizdə əməyi keçən hər kəsə dərindən minnətdarıq. Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş, 4-ü general-mayor, 39-u polkovnik, 1 nəfəri isə 1-ci dərəcəli kapitan olmaqla 5867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
Azadlıqdan sonra Qubadlı rayonunda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılmışdır. Prezident İlham Əliyev rayona bir neçə dəfə səfər edərək bir sıra mühüm layihələrin təməlini qoymuşdur. Əsas tədbirlər sırasına aşağıdakılar daxildir:
2020-ci il, 23 dekabr – Azərbaycan bayrağının Qubadlıda ucaldılması,2021-ci il, 25 oktyabr – “Qubadlı” yarımstansiyasının açılışı, Xanlıq–Qubadlı yolunun təməlqoyması, yeni hərbi hissə kompleksinin istifadəyə verilməsi,2022-ci il, 19 oktyabr – “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanışlıq, “Azərişıq” ASC-nin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyması,2023-cü il, 4 may – Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, məktəb, xəstəxana və inzibati binaların, eləcə də Mahruzlu, Zilanlı və Xanlıq kəndlərinin təməlqoyma mərasimləri. Bundan başqa, 2023-cü ilin sentyabrında “Yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi haqqında” Prezident Sərəncamı imzalanmışdır.
Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə – keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda bilmələri üçün həyata keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya mütəmadi səfərləri bu rayonun ölkə başçısının diqqətində olmasının təzahürüdür. Gələcəkdə iqtisadi inkişafa nail olunması və düzgün planlaşdırma aparılması Möhtərəm Prezidentimizin xüsusi diqqətindədir. Bütün bunlar bir daha göstərir ki, işğaldan azad edilmiş digər ərazilər kimi Qubadlı da tezliklə cənnətə çevriləcək.
Qubadlı şəhəri günü – xalqımız üçün işğaldan azadlığın, qəhrəmanlığın və yenidənqurmanın simvoluna çevrilmişdir. Hər il 25 oktyabr tarixində bu əlamətdar gün böyük qürurla qeyd olunur, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilir və Qubadlının gələcəyinə inam ifadə olunur.