Fərəh Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 141 №-li tam orta məktəbin direktoru
XX əsrin sonlarında başlayan I Qarabağ müharibəsi Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayonun işğalı ilə nəticələndi. İşğal olunan rayonlarımızdan biri də Cəbrayıl rayonu idi. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Erməni Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona kulli miqdarda ziyan dəymişdir. 1050 km2 ərazisi olan şəhərin 72 ümumtəhsil məktəbi, 8 xəstəxanası, 132 tarixi-mədəni abidəsi, 150 mədəniyyət ocağı, 100-ə yaxın kəndi erməni quldurları tərəfindən vəhşicəsinə dağıdılmışdır.
Rayonda 510 yerlik xəstəxana, 72 orta məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 1 muzey fəaliyyət göstərirdi. Bundan başqa sənaye və kənd təssərrüfatı müəssisələri də mövcud olmuşdur. İşğal nəticəsində şəhər əhalisi ev-eşiklərindən didərgin salınmış və dözülməz şəraitdə respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində vaqon və yataqxanalarında məskunlaşmışlar. Cəbrayıl rayonunun ilk azad olunan ərazisi Cocuq Mərcanlı kəndi olmuşdur. 5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı bu kənd düşmən işğalından təmizlənmişdir. Əməliyyat zamanı stateji yüksəkliklərin azad olunması Cocuq Mərcanlıya həyatın qayıtmasını mümkün etmişdir. Bu hadisə “Böyük Qayıdış”ın başlanğıcı idi.
2016-cı il aprel döyüşləri zamanı Azərbaycan ordusunun əks-hücumu ilə Lələtəpə yüksəkliyinin azad olunması xalqımızı Böyük Qələbəyə daha da yaxınlaşdırdı. 2020-ci il 27 sentyabr tarixi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan bir tarix oldu. Ermənistan dövlətinin təxribatlarına cavab olaraq məhz həmin tarixdə Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə düşmən üzərinə əks-hücuma keçdi. 27 sentyabrda Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar, 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan və s. kəndləri işğaldan azad olundu. 4 oktyabr tarixində isə şəhər özü və 9 kənd erməni tapdağından xilas edildi. Bu xəbər bütün Azərbaycan xalqının sevincinə səbəb oldu. Çünki bu, ilk qələbə müjdəsi idi.
Daha sonra rəşadətli ordumuz Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsünü düşmənlərdən azad etdi. Xudafərin körpüsünün işğaldan azad edilməsi və burada üçrəngli müqəddəs bayrağımızın ucaldılması böyük tarixi və siyasi əhəmiyyət daşıyırdı. Cəbrayıl rayonunun işğaldan azad olunması digər ərazilərimizin də azad olunması üçün əlverişli zəmin yaratdı. Azərbaycan ordusu uğulu əməliyyat keçirib Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsini düşmənlərdən təmizlədi. Daha sonra Zəngəzur, Qubadlı və Laçın rayonunun cənub hissəsi azad edildi və Laçın dəhlizi Azərbaycan Ordusunun nəzarətinə keçdi. Noyabr ayının 8-də Şuşanın azad olunması ilə II Qarabağ müharibəsi başa çatdı.
II Qarabağ müharibəsi başa çatdıqdan sonra Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev bu ərazilərin yendən bərpası və abadılaşdırılması üçün bir sıra dövlət proqramları işləyib hazırladı. İlk olaraq “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması haqqında sərəncam imzaladı. Bu sərəncam Cəbrayıl rayonunun bərpası və inkişafı üçün çox önəmli bir layihə idi.
Dövlət başçısı dəfələrlə işğaldan azad olunmuş bölgələrə, eləcə də Cəbrayıl rayonuna səfərlər etmiş, layihələrin həyata keçirilməsinə nəzarət etmişdir. Cənab Prezident Cəbrayıl rayonunda bir sıra obyektlərin və müəssisələrin təməlqoyma mərasimində şəxsən özü iştirak etmişdir. Bütün bu görülən tədbirlər və həyata keçirilən layihələr 30 ilə yaxın düşmən tapdağında olan ərazilərimizin, eləcə də Cəbrayılın parlaq və uğurlu gələcəyindən xəbər verir.