Dövlət qurmuş hər bir xalqın tarixində dövlətin və xalqın gələcəyini müəyyən edən günlər var. Azərbaycan xalqının və dövlətinin
tarixindəki belə günlərdən biri də 15 iyundur. Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi düşən 15 iyun dövlətçiliyin itirilməsi təhlükəsi ilə üzləşmiş Azərbaycanın gerçək qurtuluş günüdür. Milli Qurtuluş Günü Azərbaycanın mövcudluğunu qoruyub saxlayan gün olmaqla yanaşı, böyük tarixi nailiyyətlərin təməlinin qoyulduğu gündür.
15 iyun Milli Qurtuluş Günündən öncə 20 Yanvar və 26 fevral Xocalı faciəsinin yaşandığı, ölkə ərazisinin 20 faizinin işğal edilməsi və ən nəhayət dövlət müstəqilliyinin təhlükəyə düşməsinə son qoyulduğu, böyük tarixi nailiyyətlərin təməlinin atıldığı gündür.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırdılar. Bununla da Azərbaycanın ağır, faiciəli günləri başladı.
Vəzirov-Mütəllibovun Moskvanın sözü ilə oturub-durması, Xalq Cəbhəsi-Müsavat cütlüyünün səriştəsizliyi ölkə ərazisinin 20 faizinin itirilməsi, Azərbaycanın mövcudluğunu şübhə altına düşməsinə səbəb olduğu kimi Heydər Əliyev yolunun alternativi olmadığını gerçəkliyini də sübut etdi. Yeni Azərbaycan Partiyasının yaranması da bu zərurətin nəticəsi idi. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi Azərbaycanda müasir siyasi sistemin yaranmasının başlandığı tarixdir. Yeni Azərbaycan Partiyasının yaranması bütün Azərbaycanda böyük əks-səda yaratmış, qısa müddət ərzində YAP Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmişdir
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının davam etməsi, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi.
Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.
1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram günü elan etmişdir.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu ÖndərHeydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.
Prezident cənab İlham Əliyev 15 İyunun tarixi əhəmiyyətini belə ifadə etmişdir: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.