Ulu Öndərin xilaskarlıq missiyası Azərbaycanı parçalanmaqdan xilas etdi
Bu günlərdə doğma Azərbaycanım tarixinin ən mühüm günlərindən birini-Milli Qurtuluş Gününü qeyd etdi. Həmin günləri yaşayan biri kimi xatirəmdə keşməkeşli günlər yenidən canlandı. Azərbaycan xalqı mübtəla olduğu müharibə faciələri ilə yanaşı, siyasi böhranın pik həddə çatdığı bir zamanda yeganə ümid və çıxış yolunu Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasına sığınmaq gördü.
Müstəqilliyin ilk illəri AXC-Müsavat cütlüyünün səriştəsiz idarəetməsi xalqda hakimiyyətə qarşı güvənin heçə enməsinə səbəb olmuşdur. Əvvəlcə Vəzirov-Mütəllibov rejimi, daha sonra Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışmaqdansa, real təhdidlər qarşısında qalmış suverenliyi qoruyub saxlamağa cəhd etməmişdir. Hakimiyyətə gələndən sonra AXC üzvləri dərhal bir-biri ilə mübarizəyə başlamışdılar.Sınanılmış bir həqiqət var ki, azadlığı qoruyub saxlamaq onu qazanmaqdan çətin olur.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” - deyən Ulu Öndər qayıdışı ilə ölkəni sabitliyə aparan ilk addımlarını atdı. Andına sadiq Ulu Öndər nüfuzlu siyasi liderə yaranmış ehtiyacı anlayaraq xalqın yaralarını sardı, millətin dərdinə dərman oldu. Xilaskar fəlaiyyəti sayəsində tez bir zamanda ölkə xaosdan sabitliyə, durğunluq və geriləmədən inkişaf yoluna qədəm qoydu.
“Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı” sözləri müstəqilliyimizin memarı Heydər Əliyev əbədi və unudulmaz xidmət ilə Azərbaycan tarixinin ən möhtəşəm səhifələrini yazdı.
Əslində Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi: birincisi xalqın Heydər Əliyevə olan möhkəm, sarsılmaz inamı və dəstəyi, ikincisi Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti və nəhayət üşüncü və mühümü Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi.
Azərbaycanın taleyüklü problemlərini az zaman çərçivəsində həll edən tarixi Qurtuluşun rəmzləri bunlardır:
1) Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi.
2) Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu.
3)Nizami ordu yaradıldı
4) Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı.
5) İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı.
6) Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu.
7) Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu.
8) İlk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi.
9) Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.
10) Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı.
Siyahını artıra bilərəm, burda bir atalar sözü yadıma düşdü “ Zülm ilə bərbad olan, ədl ilə abad olar” eyiblər. Sabitlik və tərəqqinin bünövrəsini elə müdrik, elə şövqlə qoymuş ki,məhz müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.
Bu gün Ulu Öndərin ən böyük arzusunu reallaşdıran , ata vəsiyyətini yerinə yetirən, layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin sayəsində Azərbaycanın ərazisi işğaldan tam azad olunmuş və bu severen sərhədlərdə şanlı bayrağımız dalğalanır.
İlham Əliyevin qürurla söylədiyi fikirlər hər birimizə çətin günlərin geridə qaldığına inamı daha da artırır -“Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”