Ulu öndərin qəlbində bərabərliyin, həmrəyliyin rəmzi olan Novruz bayramına xüsusi bir sevgi var idi

Ulu öndərin qəlbində bərabərliyin, həmrəyliyin rəmzi olan Novruz bayramına xüsusi bir sevgi var idi

Təranə Alıyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbin müəllimi

Bu gün müstəqil Azərbaycan xalqı Novruz bayramını qeyd etməyə hazırlaşır. Bəli, müstəqil Azərbaycan, xoşbəxt Azərbaycan. Novruzun adət-ənələrini qoruyub saxlamaq, onu bu günə kimi gətirib çıxarmaq Azərbaycan xalqı üçün heç də asan olmayıb.

XX əsrin əvvəllərinə kimi Azərbaycanda Novruz bayramı xalq tərəfindən böyük coşqu ilə qeyd olunurdu. Düzdür çar hökuməti bu bayrama diqqət yetirməsə də Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev kimi bir sıra milyonçular Bakı əhlinin bu bayramı təm-təraqla qeyd etməsinə böyük yardım edirdilər.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Novruz bayramı iki dəfə təntənəli şəkildə qeyd olunub. Lakin Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra vəziyyət dəyişdi. Novruz bayramı müəyyən məhdudiyyətlərlə qarşılaşdı. 1937-ci il SSRİ Konstitusiyasının qəbulundan sonra isə Novruz bayramı ümumiyyətlə qadağan edildi. Hətta gecələr evlərə reydlər təşkil edildi. Evində səməni qoyub bayram süfrəsi açan, həyətində tonqal qalayan insanları müzakirəyə çıxardılar.

İllər sonra ziyalılarımızın səyi nəticəsində 1967-ci ildə bu bayramın Bakıda “Bahar bayramı” adı altında qeyd olunmasına icazə verildi. Dahi liderimiz Heydər Əliyevin hakimiyyəti dövründə isə bu bayram daha da təntənəli keçirilməyə başladı. Çünki dahi siyasətçi Heydər Əliyev bütün varlığı, qəlbi, ruhu ilə doğma xalqına, onun milli adət-ənənələrinə, əxlaqi dəyərlərinə bağlı olan böyük tarixi şəxsiyyət idi.

Ulu öndərin qəlbində insanlar arasında bərabərliyin, həmrəyliyin rəmzi sayılan Novruz bayramına xüsusi dərin bir sevgi var idi. Çıxışların birində qeyd etmişdi ki, “Novruz bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramıdır. Novruz bayramının dünyada olan bütün xalqların bayramlarından fərqi odur ki, bu bayram təbiətlə, kainatla əlaqədardır. Bu bayram min illər boyu xalqımızın qəlbinə daxil olub və çox dərin köklər salıb. Ona görə də bu bayramı hər bir azərbaycanlı öz doğma bayramı kimi qeyd edir. Bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki , qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, zidiyyətlər aradan götürülür ”.

Heydər Əliyevin xalqımızın tərəqqisinə xidmət edən ölməz ideyaları bu gün də bizimlədir, onlar bizi daha güclü və həmrəy olmağa səsləyir. Bu gün Prezident cənab İlham Əliyev bu adət-ənələri layiqincə davam etdirir. 2020-ci ilin payızında müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə öz əzəli və əbədi torpaqlarını düşməndən azad edən qalib Azərbaycan xalqı indi regionun ən qüdrətli dövlətidir. Xalqımız bu gün qədim tarixinin ən şərəfli dönəmini yaşayır. Biz bu bayramı artıq doğma Qarabağda, Cıdır düzündə təntənəli şəkildə keçiririk. Artıq bayram tonqalımız bu düzlərdə qalanır. Ali Baş Komandanımız xalqına Qarabağdan təbriklər ünvanlayır. Təbriklərin birində deyilir: “Milli varlığımızın bir parçası olan və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhvəmizdir”.

Dövlət başçımızın təbrikində xüsusi olaraq qeyd olunur ki, xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır. Bəli, bu gün Azərbaycan güclü və yenilmə dövlətdir. Ölkə vətəndaşları azad və xoşbəxtdirlər.

Qəlbimizdən Vətən sevgisi və bahar sevinci heç vaxt əskik olmasın!