ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN SƏDRLİYİ İLƏ İŞƏ BAŞLAMIŞ NAXÇIVAN ALİ MƏCLİSİ

ULU ÖNDƏR  HEYDƏR ƏLİYEVİN SƏDRLİYİ İLƏ İŞƏ BAŞLAMIŞ  NAXÇIVAN ALİ MƏCLİSİ

Təranə Qəhrəmanova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 290 nömrəli məktəbin müəllimi

Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər Naxçıvan dövrü mühüm yer tutur. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu. O illərdə ölkəmiz fəlakətə sürüklənmişdi. Həyatı boyu qəlbi Vətən və xalqı ilə döyünən böyük şəxsiyyət Heydər Əliyev belə bir vaxtda susa bilmədi. SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən, Siyasi Büro üzvlüyündən istefaya getdikdən sonra Moskvada yaşayan Heydər Əliyev 1990-cı il 20 Yanvar günlərində həyatını təhlükədə qoyaraq Azərbaycanın daimi nümayəndəliyinə gedib çıxış etdi, qəzəb və kəskin etirazını bütün dünyaya bildirdi. Bu qüdrətli soydaşımız Azərbaycan xalqına başsağlığı verərək sovet ordusunun Bakıya basqın edib görünməmiş vəhşiliklər törətdiyini, çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxiləsini pislədi. O, bu faciənin ölkənin ali dövlət və partiya rəhbərliyinin səhv qərarı ucbatından baş verdiyini bildirdi və qırğın törədənlərin hamısının layiqincə cəzalandırılmasını istədi.

Ulu Öndərin Azərbaycana qayıdışı zamanı Bakıda vəzifə və kreslo düşgünlərinin ona qarşı qaldırdıqları siyasi təqib kampaniyası xalqımızın hiddətinə səbəb oldu. Xalq öz həqiqi liderini fəal müdafiə etdi. Heydər Əliyev və Xalq birliyi əzəmətini göstərdi. Ümumxalq məhəbbətini Heydər Əliyev özü qazanmışdı. Respublikaya 10 il rəhbərlik etdiyi dövrdə xalqın sevimlisinə çevrilmişdi. Moskvadan qayıdıb ana yurduna gələndə heç bir vəzifəsi olmasa da, xalq onu böyük bir şəxsiyyət kimi qiymətləndirir, doğma bir övladı kimi sevirdi... O zaman Naxçıvan ağır günlər keçirirdi. Muxtar respublika Qarabağ problemi ətrafında baş verən hadisələrin zərbəsinə məruz qalmışdı. Vəziyyət olduqca gərgin, ziddiyyətli şəkil almışdı. Sərhədyanı kəndlər ermənilər tərəfindən işğal və qarət olunurdu. Naxçıvan iqtisadi və siyasi böhran məngənəsinə salınmışdı. Azərbaycanla nəqliyyat-kommunikasiya əlaqələri kəsilmişdi. Belə bir dövrdə təxribatlar baş alıb gedirdi, adamlar son ümidi olan ov tüfəngləri də yığılandan sonra erməni təcavüzü qarşısında əliyalın və köməksiz vəziyyətdə qoyulmuşdu.

Naxçıvan ağır vəziyyətə, xüsusən 20 Yanvar faciəsinə SSRİ-nin tərkibindən çıxması barədə qərarı ilə etirazını bildirmişdi. Bundan sonra muxtar respublika ölkənin iqtidar və ixtiyar sahiblərinin qəzəbinə düçar olmuşdu. Məhz belə bir ağır dövrdə tale Heydər Əliyevi ulu diyara gətirməklə Naxçıvanı işğaldan qoruya bildi. Azərbaycanın bu qədim torpağını xilas edən Heydər Əliyev özünə Naxçıvan boyda əbədi, həmişəyaşar abidə ucaltdı.

1990-cı il noyabrın 17-də xalq deputatı Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası oldu. Sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, “Sovet Sosialist” sözlərini çıxararaq Naxçıvan Muxtar Respublikası adlandırılması, Naxçıvan MSSR Ali Sovetinin adını dəyişərək Naxçıvan MR Ali Məclisi adlandırılması, ilk Azərbaycan Respublikasının rəmzi olan üçrəngli Dövlət bayrağının bərpa edilməsi, onun Naxçıvan MR dövlət bayrağı kimi qəbul edilməsi haqqında yekdilliklə qərar qəbul etdi. Naxçıvan MR Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında həmin bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Beləliklə, Azərbaycanın üçrəngli bayrağı ilk dəfə Naxçıvanda qaldırıldı.

Ölkədə çox ağır və gərgin vəziyyət yarandığı, hadisələrin düzgün qiymətləndirilmədiyi, siyasi proseslərin getdikcə xalq üçün təhlükəli xarakter aldığı bir vaxtda, 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası çox böyük uzaqgörənliklə yekdillik nümunəsi göstərərək Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi məsələsini müzakirəyə çıxardı. Həmin sessiyada Heydər Əliyev 4 dəfə çıxış edərək namizədliyini irəli sürənlərə dərin minnətdarlığını bildirdi və təkidlə xahiş etdi ki, onun namizədliyini səsə qoymasınlar. Bu zaman sessiya keçirilən binanın qarşısına toplaşan yüz min nəfərlik bir izdihamın - xalqın tələbinin qarşısını almaq mümkün deyildi.

Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi xəbəri dünyaya yayıldı. Ertəsi gün onunla görüşə, qəbula gələnlərin ardı-arası kəsilmirdi. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlmiş Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri kimi yorulmaz və səmərəli fəaliyyətə başladı.

Ali Məclisdə muxtar respublikanın dövlət quruculuğu, müdafiə və hərbi quruculuq məsələləri, hakimiyyət və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, iqtisadi və siyasi böhranın aradan qaldırılması, iqtisadi islahatların keçirilməsi, xarici iqtisadi əlaqələrin yaradılması, həmsərhəd xarici dövlətlərlə - Türkiyə və İranla mehriban qonşuluq münasibətlərinin qurulması və kütləvi tədbirlərə aid məsələlər müzakirə edildi, müvafiq qərarlar qəbul olundu. Zərərlə işləyən kolxoz və sovxozlar özəlləşdirildi. Əhalinin ərzaq məhsulları ilə təchiz edilməsi, xeyli vaxtdan bəri Naxçıvanda yanacaq çatışmazlığının aradan qaldırılması, iş vaxtından səmərəli istifadə edilməsi, əmək intizamının möhkəmləndirilməsi, Naxçıvan aeroportunun, Sədərək-Türkiyə yolunun tikintisinin sürətlənməsi, Araz dəryaçasında və digər strukturlarda külli miqdarda balıq məhsullarının tutulub əhaliyə satılması işləri yaxşılaşdırıldı.

1992-ci il mart ayının 24-də Türkiyənin Baş naziri Süleyman Dəmirəl və Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev Ankarada əməkdaşlıq haqqında protokol imzaladılar. Heydər Əliyev ilə görüş zamanı Türkiyə Respublikasının Baş naziri Süleyman Dəmirəl dedi ki, Naxçıvan bizim qonşumuzdur, əhalisi türkcə danışır. Türkiyə Respublikasının başlanğıcında, yəni Şərq tərəfində yerləşən Naxçıvan Muxtar Respublikasının statusunda bir dəyişiklik meydana gələrsə, müqaviləyə əsasən, burada Türkiyə öz sözünü deməlidir...

 “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi haqqında” 2023 cü il Heydər Əliyev ili elan edilmişdi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamda deyilir: “Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır.

Bu gün də həmin siyasət böyük uzaqgörənlik, müdriklik nümunəsi ilə uğurla həyata keçirilir. Heydər Əliyev siyasi kursu möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir. Xalq Ulu Öndərimizin uzunmüddətli dövr üçün müəyyən etdiyi strateji xətti bacarıqla inkişaf etdirir.Azərbaycanın dünya ölkələri arasında tanınmasında layiqincə fəaliyyət göstərir.