Ulu Öndər Heydər Əliyevin qurduğu Müasir Azərbaycan Ordusu Zəfər salnaməsinin müjdəçisidir

Ulu Öndər Heydər Əliyevin qurduğu Müasir Azərbaycan Ordusu Zəfər salnaməsinin müjdəçisidir

Amil Bağırov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi
Hər bir ölkə üçün ordu quruculuğu dövlətin müstəqilliyinin təminatını şərtləndirən vacib amildir. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır. Dövləti qoruyan onun ordusudur. Fikirimizi bir az daha konkretləşdirsək, deyə bilərik ki, ordu dövlətin gücüdür, lakin eyni zamanda da ordu gücü dövlətdən alır, dövlətin apardığı güclü siyasətin nəticəsində möhkəmlənir, inkişaf edir və yeni dövrün tələbinə uyğun olaraq müasir standartlarla ayaqlaşır.
1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmişdir. Cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində də əhəmiyyətli addımlar ata bilmişdir. Müstəqil Azərbaycan Respublikasının ordusu Azərbaycan Xalq Cümhuriyyətinin ordusunun varisi kimi formalaşaraq, güclənmiş nəinki Cənubi Qafqazda, dünya miqyasında da ən güclü ordulardan birinə çevirilmişdir.
Dövlətin müstəqilliyi onun ordusunun gücündən bilavasitə asılıdır. Ordu iqtisadiyyatı dinamik inkişafda olan dövlət üçün prioritetdirsə, güclü olur. Azərbaycan dövləti hər iki məqamı öz siyasətində birləşdirə bilmişdir. "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var" deyən, Ali Baş Komandan, Möhtərəm Prezident cənab İlham Əliyev bu sözləri ilə bunu təsdiqləyir.
Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra xüsusi diqqət yetirdiyi sahələrdən biri də məhz ordu quruculuğu olmuşdur. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü ildə Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusu üçün yeni inkişaf mərhələsi başladı. Bu uzaqgörən siyasət nəticəsində ordu ilə bərabər, dövlətimiz üçündə yeni bir eranın başlanğıcı oldu. II Qarabağ Müharibəsinin böyük zəfərinin təməl daşları da elə həmin dövrdə atıldı. Ulu öndər Heydər Əliyevin qurduğu müasir Azərbaycan Ordusu zəfər salnaməsinin müjdəçisi idi.
Bir məqama xüsusi diqqət çəkmək istərdim. Heç də əbəs yerə Ulu öndər tarixdə uzaqgörən və böyük siyasətçi, dövlət başçısı olaraq xatırlanmır.
1993-cü ildə ikinci dəfə Azərbaycanda ali siyasi hakimiyyətə qayıdan Heydər Əliyev, 1990-cı illərin əvvəllərində ölkədə olan dərin böhran içərisində bəlkə də çoxları tərəfindən əhəmiyyətsiz hesab edilən dövlət gənclər siyasətinin təməlini qoyması ilə, əslində ordu quruculuğu da daxil olmaqla bir çox sahənin inkişafının əsasını qoyaraq, ümumilikdə dövlətin tərəqqisi üçün zəmin yaratdı. Bir ordunun inkişafının əsas meyarı texniki imkanlarının artırılması qədər mənəvi-psixoloji hazırlığı və milli ruh yüksəkliyidir. Gənclər ölkənin və millətin gələcəyidir və bu siyasətin təməl bazasını təşkil edən gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması kimi təməl baza prinsiplərinin mövcudluğu orduda çoxluq təşkil edən gənclərin mənəvi-psixoloji vəziyyətinin yaxşılaşmasına gətirib çıxardı.
Bu gün Silahlı qüvvələrin modernləşdirilməsi Möhtərəm Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir. Ölkənin yüksələn xəttlə tərəqqisi iqtisadiyyatımızın sürətlə inkişafı deməkdir. İqtisadiyyatı güclü olan dövlət isə hər şeyə qadirdir. Son illərdə gedən bu dinamik inkişaf silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi nəticəsində əldə etdiyimiz 44 günlük Vətən Müharibəsinin böyük zəfəri cənab Prezidentin ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunun bariz nümunəsidir.