Ulu Öndər Heydər Əliyevin qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi

Ulu Öndər Heydər Əliyevin qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi

Şaiq Səfərov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı RİH başçısı aparatında Layihə Smeta Bürosunun rəisi

Azərbaycan xalqına bəxş olunmuş dahilərin içərisində öz əzəməti ilə seçilən tarixi şəxsiyyət  Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının var oluşunda böyük imzalar atmış uzaqgörən liderdir. Ulu Öndər Heydər Əliyev tarix yazan dahi şəxsiyyətlərdəndir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparmışdır. Heydər Əliyevin həyatı, uşaqlıq və gənclik illəri, ömrünün bütün dövrləri gərgin zəhmətlə keçib. Əlbəttə, bu dövrlərin çətin anları yaşanmasaydı, maneələr qətiyyətlə dəf edilməsəydi sonrakı zamanların uğurları qazanılmazdı. Heydər Əliyev öz həyatını xalqin rifahına həsr etmiş, mənəvi dəyərlərin fonunda müasir Azərbaycanı qurub yaratmış görkəmli şəxsiyyətdir. "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik".

Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. 1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, Ulu Öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail oldu. Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdə xalqın ağır vəziyyətini nəzərə alaraq 1994-cü ildə mənfur düşmənlərlə atəşkəs bağlayıb dövlətin sabitliyi təmin edərək daxildə iqtisadi rifahı yüksəltməyə başladı. Elə həmin ildə “Əsrin müqaviləsi” ilə Azərbaycan neftini dünya bazarına çıxardı. Bununla da, yeni neft strategiyası və doktrinası uğurla həyata keçirilməyə başlandı. Azərbaycan iqtisadi cəhətdən Cənubi Qafqazda daha böyük uğurlara yelkən açdı. Ümummilli Lider bilirdi ki, iqtisadiyyatı olmayan ölkə müharibədə məğlub ölkədir. ” Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”. Azərbaycanın dünya xəritəsində olan kiçikliyinə baxmayaraq, gördüyü uzaqgörən siyasətlə dünya dövlətləri içərisində taninan ölkəyə çevrilməsinə nail olmuşdur.

Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyev bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirdi. Azərbaycan cəmiyyətini, ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi kimi vahid məqsəd ətrafında birləşdirilməsi, onun mübariz ruhunun təşkilatlandırılması və istiqamətləndirilməsi, mənəvi potensialının üzə çıxarılması üçün Ulu Öndər Heydər Əliyevin istinad etdiyi ən qiymətli meyyar və nümunələrdən biri xalqın hərbi və qəhrəmanlıq tarixi idi. Bu tarixi  keçmişimizdən miras qalmış zəngin və ibrətamiz bir sərvət kimi qiymətləndirir və ölkənin müdafiəsinin təşkilinin müxtəlif məsələləri ətrafında etdiyi çıxışlarında hər bir vətəndaşı da bu tarixə tapınmağa çağırırdı.

Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda hərbi təhsil sisteminin inkişafına və möhkəmləndirilməsinə xüsusi diqqət yetirməsinin nəticəsi idi ki, atəşkəs dövründə mövcud olan hərbi təhsil sisteminin kifayət qədər təkmilləşdirilməsi üçün ciddi işlər görüldü. Azərbaycanın müstəqilliyinə sədaqət nümayiş etdirən, mənəviyyatca saf olan zabit kadrlarının hazırlanması üçün ulu öndər Heydər Əliyev hərbi təhsil sisteminin yaradılmasına və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirdi.

Ümummilli Lider Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə (1993-2003-cü illər) xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq  abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi onun bir daha xalqa mənən bağlılığını və islami dəyərlərə sədaqətini göstərən parlaq misallardır. Ulu öndər Heydər Əliyevin tez-tez dindarlarla görüşməsi, dini bayramlarda məscidlərə getməsi, dindarların mənəvi ehtiyaclarına həssaslıqla yanaşması xalq arasında həmişə böyük razılıq hissi ilə qarşılanmışdır.

 Milli-mənəvi dəyərlərimizin mənimsənilməsində, onun daha da təkmilləşdirilməsində doğma dilimizin müstəsna rol oynadığı şübhəsizdir. Bu vacib amili nəzərə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan  dili dövlət dili kimi təsbit olunmuşdu. Ulu öndər Heydər Əliyev müstəqillik illərində gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli-mənəvi irsini özündə yaşadan azərbaycançılıq ideyasının da təşəkkül və inkişafına diqqət yetirirdi. O, azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür və milli-mənəvi dəyərləri bu ideologiyanın ən mühüm istiqamətlərindən və tərkib hissələrindən biri kimi qiymətləndirirdi. Onun vaxtilə söylədiyi və bütün dünya azərbaycanlıları üçün həmişə bir fəaliyyət devizi olacaq bu fikri nə qədər dərin və mənalıdır: "Hər bir azərbaycanlı mənsubiyyətinə görə qürur keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq".

O, öz ailəsinə, həyat yoldaşı unudulmaz Zərifə xanıma olan məhəbbəti, sevgisi münasibəti ilə müqəddəs bir ailənin tarixini yaradıb. Bu böyük sevginin nəticəsi idi ki, Heydər Əliyev özündən sonra ikinci dahi bir şəxsiyyəti İlham Əliyevi qoyub gederək, Azərbaycan xalqinin yeniden qürurunun yüksəlməsinə ,məğlub xalqı qalib xalqa çevirməyə nail oldu.Ulu öndər "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" söyləyərkən ilk növbədə xalqın, ölkənin gələcək taleyini, ölməz ideyalarının, məqsəd və arzularının həyata keçirilməsinin vacibliyini nəzərdə tutur və bu yolda İlham Əliyev şəxsiyyətinə inamını ifadə edirdi.

 

 

Suraxanı RİH Aparatının Layihə Smeta Bürosunun rəisi 

05.08.2022