Ulu öndər Heydər Əliyevin iqtisadi strategiyası Azərbaycanı daha böyük zəfərlərə, möhtəşəm qələbələrə aparır

Ulu öndər Heydər Əliyevin iqtisadi strategiyası Azərbaycanı daha böyük zəfərlərə, möhtəşəm qələbələrə aparır
Arzu Miriyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 65 nömrəli tam orta məktəbin direktoru

Dövlətin inkişafında onun iqtisadi üstünlüyü əsas rol oynayır. Bu baxımdan Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar mövcuddur. Tarixə nəzər salsaq görərik ki, görkəmli şəxsiyyət Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə Azərbaycan iqtisadiyyatı öz inkişaf mərhələsinə qədəm qoyub. Ulu Öndərin Azərbaycana rəhbərliyin birinci dövründə (1969-1982) iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görülüb.

Ümummilli liderin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan o zaman Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və üzümçülük respublikasına çevrildi. Həmin illərdə respublikamızda elektron maşınqayırması, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı, digər mütərəqqi sənaye sahələri yaradıldı. Əgər XIX əsrdən XX əsrin 80-ci illərinədək (təxminən 100 il ərzində) Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrdə onların sayı 1048-ə çatdı.

Heydər Əliyevin ölkənin gələcəyinə ünvanlanmış strategiyasının reallaşdırılması nəticəsində Azərbaycan keçmiş sovetlər birliyində qabaqcıllar sırasına çıxmış, ölkəmizin şəhər və kəndlərinin siması sürətlə dəyişməyə, insanların rifahı yaxşılaşmağa başlamışdır. Azərbaycanın inkişaf tarixinin dinamikası bir daha təsdiq edir ki, Heydər Əliyevin 14 iyul 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində respublikamızı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcı idi. 1970-ci illərdən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə mühüm zəmin yaratdı.

Müstəqilliyin ilk illərində ölkəmiz ciddi iqtisadi problemlərlə üz-üzə qalmışdı. Belə ki, sosializm sistemindən bazar iqtisadiyyatına keçid qeyri-peşəkar aparılır, ciddi sosial-iqtisadi, maliyyə problemlərinə yol açırdı. Ölkədə yaranan bu vəziyyətdən müəyyən qruplar öz məqsədləri üçün istifadə edirdilər. Bank sektorunda yüzlərlə bank fəaliyyət göstərir, qısa zamannda müflisləşərək vətəndaşların inamını puç edirdilər.

Ölkəni bu ağır vəziyyətdən 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev çıxardı. 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar etdi. Xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini, Azərbaycanın iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi. Ən əsası isə, bunun üçün Ümummilli liderimizə o qədər də uzun bir vaxt tələb olunmadı.

1994-cü ildə Heydər Əliyevin neft strategiyasının reallaşdırılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan xalqının öz maddi sərvətlərinin, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin özünün də vurğuladığı kimi, ""Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı. Bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər yazacaq”."Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınan bu müqavilənin imzalanması və gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və dahi öndər Heydər Əliyev tərəfindən işlənilib hazırlanan yeni neft strategiyasının parlaq təzahürüdür. "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının istismarını nəzərdə tutan neft müqaviləsinin imzalanması ölkəyə xarici investisiyanın ölkəmizə axınına səbəb oldu. Bu hələ sovet dövründən başlanan danışıqların, Heydər Əliyev tərəfindən atılan konkret addımlarla həyata keçirilməsi idi. Ulu Öndər Heydər Əliyev düşünülmüş strategiya tətbiq edərək xarici ölkələrin şirkətlərini Azərbaycana gətirdi. "Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı, hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi.

Ulu Öndər Heydər Əliyev “Əsrin müqavilə”si ilə neft strategiyasının inkişafının təməlini qoysa da, BakıTbilisi-Ceyhan lahiyəsi ilə bu uğuru davam etdirdi. Ulu öndər bu sazişin əhəmiyyətini qeyd edərək demişdir: “Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri təkcə iqtisadi xarakter daşımır. O, eyni zamanda Qafqazda, xüsusən Cənubi Qafqazda, Türkiyədə təhlükəsizliyi və sabitliyi təmin etmək üçün əsas vasitələrdən biridir.”

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən biri də Azərbaycanda yaxın illər ərzində sosial-iqtisadi tərəqqini təmin edəcək sahibkarlıq mexanizminin əsasını qoyması, onu bütün ölkə boyu işlək mexanizmə çevirmək üçün qanunvericilik bazasını yaratması və ölkədə yeni yaranmağa başlayan sahibkarlar sinfinin formalaşmasında şəxsən iştirak etməsi olmuşdur. Bu işdə dövlət başçısının qətiyyəti sayəsində ictimai və dövlət mülkiyyətinin özəlləşdirilməsinin yeni Dövlət Proqramının hazırlanıb çox sürətlə həyata keçirilməsinə start verməsi xüsusilə mühüm rol oynamışdır.

Aqrar sektorun bazar prinsipləri əsasında qurulması ilə bağlı islahatların həyata keçirilməsinə başlanıldı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında MDB-də ilk olaraq 1995-ci ildən başlanan aqrar islahatların həyata keçirilməsi, sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın özəlləşdirilməsi kimi tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verdi, keyfiyyətcə fərqli münasibətlər formalaşdı.

Heydər Əliyevin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı nəticəsində 1350 min hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə paylandı, kolxoz və sovxozların yerində fermer təsərrüfatları yaradıldı. Bütün qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində bu gün aqrar bölmədə özəl sektorun xüsusi çəkisi demək olar ki, 100 faizə çatmışdır.

Məhz bu gün, siyasi və iqtisadi baxımdan sabit, davamlı və dayanıqlı inkişaf edən Azərbaycanın nailiyyətləri məhz Heydər Əliyev siyasətinin, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla, qətiyyətlə davam etdirilməsinin məntiqi nəticəsidir. Bu inkişaf kursu Azərbaycanı daha böyük zəfərlərə, möhtəşəm qələbələrə aparır. Ulu öndərin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir.