Xəzər hövzəsinin dünyanın ən nəhəng neft və qaz sanəyesi mərkəzlərindən biri kimi yenidən yüksəlişi başlamışdır

Xəzər hövzəsinin dünyanın ən nəhəng neft və qaz sanəyesi mərkəzlərindən biri kimi yenidən yüksəlişi başlamışdır

Aysel Cəlilova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin müəllimi

İqtisadi müstəqillik olmadan heç bir dövlət gələcək inkişafa, heç bir xalq firavan həyata qovuşa bilməz. Sovet dönəmində Azərbaycana rəhbərlik etmiş ümummilli lider Heydər Əliyev respublika iqtisadiyyatına, onun yeraltı və yerüstü sərvətlərinə yaxından bələd idi. Azərbaycanın iqtisadi müstəqilliyinin onun yeraltı və yerüstü sərvətlərindən asılı olduğunu yaxşı bilən Ulu öndər qısa müddətdə bitkin bir inkişaf konsepsiyası işləyib hazırladı. Həmin konsepsiyanın əsasını isə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən neft-qaz ehtiyatlarının işlənməsi təşkil edirdi.

Gənc dövlətin məhdud maliyyə imkanları, eləcə də dənizin dərinliklərində işləyə biləcək qabaqcıl texnika və texnologiyaların olmaması isə buna imkan vermirdi. Hər cür çətin situasiyalarda çevik qərarlar qəbul etməyi bacaran ümummilli lider Heydər Əliyev dünyanın transmilli neft şirkətlərini Azərbaycana dəvət etməyi qərara aldı. Düzdür, əvvəlki iqtidarın dövründə buna cəhdlər edilsə də, respublikamızda hökm sürən qeyri-siyasi sabitlik və əlverişsiz şərtlər xarici şirkətlərlə danışıqların nəticəsiz qalmasına səbəb olmuşdu. Dünya şöhrətli siyasətçi Heydər Əliyev isə bunu məharətlə bacardı.

Azərbaycanın əldə etdiyi uğurların, nailiyyətlərin bünövrəsində, təbii ki, ciddi iqtisadi irəliləyiş və onun nəticəsi olan güclü iqtisadiyyat durur. Bu iqtisadi inkişafın həlledici məqamlarından biri ölkəmizin həyata keçirdiyi uğurlu enerji siyasətidir. Məhz bu uğurlu enerji siyasətinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Gələcəyə hesablanmış bu uğurlu neft strategiyasının da təntənəsi, şübhəsiz ki, “Əsrin müqaviləsi” dir.

Xəzər hövzəsinin dünyanın ən nəhəng neft və qaz sanəyesi mərkəzlərindən biri kimi yenidən yüksəlişi 1994-cü ildə, yəni Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən cəmi üç il sonra, bir mühüm geoiqtisadi və strateji əhəmiyyət kəsb edən müqavilənin imzalanması ilə başlamışdır. Bu, ölkənin Xəzərdəki nəhəng neft və qaz ehtiyatlarının işlənməsinə investisiya qoymağa dəvət edilmiş iri xarici neft şirkətləri ilə Azərbaycanın bağladığı ilk saziş idi.

“Azəri – Çıraq – Günəşli” (AÇG) yataqlarının birgə işlənməsi üçün imzalanmış həmin müqaviləyə sonradan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev “Əsrin müqaviləsi” adını verdi. Bu müqavilənin həm Azərbaycan, həm də dünya üçün əhəmiyyətini bundan daha yaxşı ifadə etmək mümkün deyildi. Bu adla həm də Azərbaycanın yeni mütəqillik tarixinin və neft-qaz sənayesinin dirçəlişi üçün uzun yolun başlandığı ifadə olunurdu.

“Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri – Çıraq – Günəşli” (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft şirkətləri arasında müqavilə 1994 - cü il sentyabrın 20-də Bakının “Gülüstan” sarayında imzalanıb. “Əsrin müqaviləsi” 8 ölkənin – Azərbaycan, ABŞ, Böyük Britaniya, Norveç, Yaponiya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının 13 neft şirkəti ( “Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil” (hazırda “Equioner”), “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak edib. Bununla da, müstəqil Azərbaycanın neft strategiyası və doktrinasının əsası qoyulub.

AÇG neft yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 km şərqdə dənizdə yerləşir. AÇG meqastrukturu Xəzər dənizinin altında 2000-3500 m dərinlikdə yerləşən Balaxanı VIII və X, həmçinin yuxarı və aşağı Fasilə lay dəstələrini əhatə edir. 2021-ci ilin birinci rübünün sonuna ümumi investisiya həcmi 39 milyard dollardan çox olmuşdur. Bu günə qədər AÇG yatağından cəmi 3,9 milyard bareldən çox neft hasil olunmuşdur.

Heydər Əliyevin rəhbərliyi və səyi nəticəsində hazırlanaraq imzalanmış müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarı, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən sayılır. “Əsrin müqaviləsi” ndən sonra da xarici şirkətlərlə xeyli saziş imzalanıb. Müqavilə Azərbaycanda neft hasilatının böyük həcmdə artmasına səbəb olub. Neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən – 1997-ci ildəki 9 mln. tondan 2010-cu ildə 51 mln. tona çatıb – hasilat 5,6 dəfə artıb.

AÇG yatağının işlənməsinin misilsiz uğurunu nəzərə alaraq, Azərbaycan Hökuməti və AÇG tərəfdaşları düzəliş edilmiş və yenidən təsdiq edilmiş sazişi 14 sentyabr 2017-ci il tarixində imzalayaraq AÇG sazişinin müddətini əsrin ortalarına qədər uzadıblar. Yeni saziş Bakıda, Prezident İlham Əliyevin iştirakı ilə imzalanmışdır.

“Əsrin müqaviləsi” nin Azərbaycan üçün iqtisadi-sosial əhəmiyyəti qədər, siyasi əhəmiyyəti də çox böyükdür. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dünya dövlətləri sırasında layiqli yerini tutmasında “Əsrin müqaviləsi” nin müstəsna rolu var.