Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibatı binasında "Ulu Öndər Heydər Əliyev müasir gənclər siyasətinin banisidir" adlı dəyirmi masa keçirilmişdir.
Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir. Dəyirmi masanı giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, heç təsadüf deyildir ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsinə ən çox sevinən elə gənclər idi. Azərbaycan gəncləri hər zaman Ulu Öndəri milli dövlətçiliyimizin banisi, böyük lider və dahi şəxsiyyət kimi qəbul edirdilər. Bugün gənclərin vətənpərvərlik ruhunda və milli mənəvi dəyərlərimizə uyğun yetişməsi məhz onun adı ilə bağlıdır. Yerli təşkilatın sədri onu da qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti bu gün onun layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vətən müharibəsində qazi olan YAP Suraxanı rayon təşkilatının gənc üzvü Hasil Hümbətov və gənc qazi Fərid Əlirzayev də çıxış edərək demişlər ki, Vətən müharibəsində gənclərimiz tarix, xalq və vətən qarşısında misilsiz xidmət göstərmişlər. Azərbaycan gənci qəhrəmanlıq nümayiş etdirmiş və Azərbaycan bayrağını Şuşada və digər azad olunmuş torpaqlarımızda dalğalandırmışlar.
YAP Suraxanı rayon təşkilatı gəncləri adından Aysel Ələkbərzadə, Aytac Tağızadə və Əfqan Vəlizadə çıxış edərək yaradılan şəraitə görə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qarşısında ehtiramla baş əydiklərini bildirmişlər. Çıxış edən gənclər qeyd etmişlər ki, bu gün Azərbaycanda həm mənəvi, həm də fiziki cəhətdən sağlam gənclər yetişir. Onlara cəmiyyətin bütün sahələrində qol-qanad verib, dəstəkləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev gənclər üçün böyük işlər görür, gənclərə bütün sahələrdə yüksək etimad göstərilir. Bu gün cəmiyyətimizdə elə bir sahə yoxdur ki, orada gənclər layiqincə təmsil olunmasınlar. Məhz gənclərimizin dünyanın yüksək tribunalarında ölkəmizin şərəfini qoruyaraq Azərbaycan bayrağını yüksəklərə qaldırması rəhbərimizin ali diqqətindən, qayğısından qaynaqlanır.
Daha sonra dəyirmi masada iştirak edən gənclərlə yerli təşkilatın rəhbərliyi arasında dövlət gənclər siyasətinin və Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı həyata keçirmiş layihələrlə bağlı fikir mübadiləsi aparılmışdır.
Sonda YAP Suraxanı rayon təşkilatının ictimai həyatında və həyata keçirdiyi sosial layihələrdə fəal iştirak etmiş bir qrup gənc "Təşəkkürnamə" ilə təltif olunmuş və bir qrup gəncə partiya vəsiqələri təqdim olunmuşdur.