Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur

Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur

Dinara Ağaliyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 263 saylı körpələr evi və uşaq bağçasının müdiri

31 dekabr  Dünya azərbaycanlılarının həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhəddinin) dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü - Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi. 

Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi.

Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".

Xalqın həmrəyliyinə və gələcəyinə xidmət edən dövlət siyasəti yürüdən Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problemləri və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.

31 dekabr tarixinin bütün dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd olunduğunu bildirən Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Ulu Öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü" kimi elan edilmişdir.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev  dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi.

Xatırladım ki, Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə  2001-ci il noyabrın 9-10-da I-ci, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı il martın 16-da, III-cü qurultay 2011-ci il iyulun 5-6-da, və 2022-ci il Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirilib.

Bu qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə verir və dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda, qurultaylar dünya azərbaycanlılarının Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini bir daha göstərir və sübut edir.