Gülnar Həsənova
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Səttar Bəhlulzadə adına Xarici Dillər təmayüllü Respublika gimnaziyasının müəllimi
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan KP MK-nın sədri seçilənə qədər ölkədə sosial-iqtisadi sahədə durğunluq və yavaş-yavaş tənəzzül özünü göstərirdi. Ölkəni bu çətin iqtisadi böhrandan xilas etmək üçün müəyyən işlər aparılmalı, inkişafı təmin etmək üçün işlək proqramlar hazırlanmalı, iqtisadiyyatda köklü struktur dəyişiklikləri edilməli idi. Bütün bunları yaxşı bilən Ulu Öndər Heydər Əliyev az müddətdə ölkənin iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaqla bərabər, Azərbaycanı xammal istehsalçısından müasir texnologiya ilə təchiz olunmuş sənaye bazarına çevirə bildi. Ulu Öndər siyasi-iqtisadi sabitliyə nail olmaq və Azərbaycanı dünyaya tanıtmaq yolunda səylə çalışdı. Heydər Əliyev çıxışlarının birində belə qeyd edirdi: “Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır”.
Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda Ulu Öndərin respublikaya rəhbərliyinin ilk dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir. Bir zamanlar Azərbaycan Sovet İttifaqının tərkibində olsa da, Ümummilli liderin milli məfkurəyə əsaslanan siyasəti sayəsində sürətli inkişaf yolu keçmiş, bütün sahələr üzrə iqtisadi quruculuğa nail olunmuşur. 1969-1985-ci illərdə yeni tipli maşın, aparat və cihaz nümunələri yaradılmış, həmin illərdə fəaliyyətə başlayan neft-kimya sənayesi Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm rol oynamışdır.
İqtisadiyyatın inkişafında önəmli addımlardan biri də 1999-cu ilin noyabr ayının 18-də İstanbulda keçirilən ATƏT konfransında Azərbycan Respublikası Prezidenti Heydər Əliyev, Gürcüstan Respublikası və Türkiyə Cumhuriyyətinin o zamankı Prezidentlərinin iştirakı ilə “Xam Neftin Bakı-Tiblisi-Ceyhan Magistral İxrac Boru Kəməri “vasitəsi ilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməsi ilə bağlı imzalanan saziş olmuşdur.
Heydər Əliyev xalqımızı, dövlətimizi gənc liderə-İlham Əliyevə etibar etdi. Və bu gün ölkə prezidenti İlham Əliyev Azərbaycanı inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaq, iqtisadiyyatı daha da gücləndirmək üçün səylə çalışaraq kompleks tədbirlər həyata keçirir.