Ümummilli Lideri Heydər Əliyev öz xalqının taleyində müstəsna rol oynamışdır
Vüqar Seyidov
Yeni Azərbaycan Partiyası
Suraxanı rayon təşkilatının sədri
Bir insanın həyatını xilas edən həkimi, yanğın söndürəni, polisi və digər peşə sahiblərini adətən cəmiyyətdə qəhrəman adlandırırlar. Onunla qürur duyurlar. Bəs bir milləti, bir xalqı, bir dövlətçiliyi yox olmaq təhlükəsindən xilas edən bir lideri necə adlandırmaq, ona hansı əvəzedilməz ünvanı vermək olardı?! Bu, əlbəttə, ritorik sualdır. Azərbaycan xalqı Heydər Əliyevə ən əlçatmaz bir ünvan bəxş etmişdir. Ulu Öndər və Ümummilli Lider adları hər bir azərbaycanlının ürəyindən gələn səsdir. Azərbaycan xalqının müdrik qərarı bütün fərmanlardan uca, bütün sərəncamlardan alidir.
Heydər Əliyev böyük tarixi şəxsiyyət, nüfuzlu rəhbər kimi əbədiyaşarlıq qazanıb. İndi əldə etdiyimiz və çox asanlıqla əldə edə biləcəyimiz məfhumlar məhz onun yorulmaz əməyi, tükənməz istedadı və sonsuz vətənpərvərliyi sayəsində mümkün olmuşdur. Bu səbəbdəndir ki, ölkəmizə gələn hər bir mötəbər qonaq Şəhidlər Xiyabanını və Ulu Öndərin əbədi istirahətgahını ziyarət edir. Ulu Öndər Heydər Əliyevin ifadəsi ilə desək, o, özünün də, ailəsinin də, övladlarının da canını Azərbaycana qurban verməyə həmişə hazır olub.
Ulu Öndər Heydər Əliyevi fenomenə çevirən onun xalqı idi. Bu iki məfhumun arasında elə sıx, elə qırılmaz və eroziyaya uğramayan münasibətlər toplusu var idi ki, heç bir qara qüvvə xalqı ilə onun arasına girə bilməmişdir. O, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi vaxtlarda öz millətinin nümayəndələrini dəfələrlə repressiya maşınından xilas etmişdir. Heydər Əliyevi də xalqı dəfələrlə qorumuş, sadə insanlar ondan ötrü öz canını qurban verməyə hazır olmuşlar. Yəqin ki, Sovetlər Birliyi dövründə yaşayanlar yaxşı bilirlər ki, 1969-cu ildən başlayaraq Azərbaycan dilinin müdafiəsinə qalxan Ulu Öndər əslində xalqın kimliyinin, milli təfəkkürünün və gələcək müstəqil dövlətçiliyinin müdafiəsinə qalxmışdı. Bir çox sahələrin mahir bilicisi olan Heydər Əliyev tariximizi, ədəbiyyatımızı gözəl bilir və təbliğ edirdi. Bir sıra alimə, şairə dövlət mükafatları verməklə onları repressiyalardan qoruyaraq müstəqil Azərbaycan üçün sanki fiziki və mənəvi mühafizə edirdi.
Azərbaycan dilinin 1978-ci ildə Dövlət Dili statusunu alması keçmiş Sovetlər Birliyinin tərkibində yaşayan xalqların dilə belə gətirə bilməyəcəyi bir ali arzu idi. Diqqətlə fikir versək görərik ki, bu gün də, bir çox keçmiş postsovet respublikalarında öz dilləri ilə yanaşı rus dili dövlət dili statusundadır. Bunun obyektiv səbəbləri olduğu kimi subyektiv səbəbi də ondan ibarətdir ki, o zamanlar dilin inkişafına heç bir imkan yaradılmamışdır. Heç o xalqların öz rəhbərləri belə cəsarət edib bu amili dilə gətirə bilmirdilər. Ulu Öndər Heydər Əliyevin xüsusi xidmətləri sayəsində isə Azərbaycan dili inkişaf edirdi. Bakı Dövlət Universitetinin 50 illik yubileyindəki çıxışından sonra Ana dilimizin elmi bazası güclənmişdir. Baxmayaraq ki, içərilərində bəzi sapı özümüzdən olan baltalar da ona qarşı əsassız qaralama kampaniyalarına başlamışdı. Lakin Heydər Əliyev ədalət işığı haqqın xalqına göndərdiyi ümid idi. Onu belə saxta hədələr qorxuda bilməzdi.
Heç kimə sirr deyil ki, Heydər Əliyev Azərbaycan SSR-nin rəhbəri olanda Azərbaycan kimi təbii sərvətlərlə zəngin olan bir məmləkət Moskvanın büdcədən ayırdığı dotasiya hesabına yaşamaqda idi. Bu da bir çox strateji layihələrin gecikməsinə, bir sıra hallarda isə ümumiyyətlə icra olunmamasına gətirib çıxarırdı. Heydər Əliyevin birinci katib kimi Moskva tərəfindən seçilməsi də təsadüfü deyil idi. Gənc yaşlarından Dövlət Təhlükəsizlik Komitəsində yorulmaz fəaliyyət göstərən Ulu Öndər öz təşkilatçılıq qabiliyyətini dəfələrlə göstərə bilmişdir. O, peşəkar çekist olması ilə yanaşı ictimai-siyasi xadim kimi də öz fəaliyyəti ilə seçilirdi. O, bu sahədə general hərbi rütbəsini qazana bilmiş yeganə azərbaycanlı-türk idi. Heydər Əliyev faktoru “KQB”-də milli kadrların yetişməsi işini də sürətləndirmişdir.
Azərbaycana rəhbərlik etdiyi ilk dövr ölkəmiz geridə qalmış kənd təsərrüfatı ölkəsindən inkişaf etməkdə olan sənaye ölkəsinə çevrilirdi. Ümummilli Lider respublikaya rəhbərlik etdiyi birinci dövrdə kənd təsərrüfatı sahələrindən də daha geniş, düzgün və səmərəli istifadə edilmişdir. Azərbaycan ümumittifaqda qısa zamanda ən yüksək inkişaf tempi göstərən respublikalardan birinə çevrildi. Bu işıqlı fəaliyyət Heydər Əliyevi Sovetlər İttifaqının mərkəzinə doğru aparırdı. O, Nazirlər Soveti Sədrinin birinci müavini kimi yüksək bir vəzifəyə irəli çəkildi. Ona ən məsuliyyətli sahələr tapşırılır və Ulu Öndər bütün çətin işlərin öhdəsindən məharətlə gəlirdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, Sov. İKP MK Siyasi Bürosunun üzvü vəzifələrində çalışdığı illərdə bütün SSRİ xalqlarının məhəbbətini qazanmışdı. İndi həmin ölkələrdə, o cümlədən də Rusiya Federasiyasında dahi rəhbərimizə bu məhəbbətin bariz nümunəsi yaşamaqdadır. Heydər Əliyev nəinki yüksək vəzifəli bir şəxs, həmçinin sadə və səmimi bir insan kimi dərin məhəbbət qazanmışdı. İndi də keçmiş ittifaqın bir çox yerlərində Ulu Öndər Heydər Əliyevin izləri Azərbaycan xalqının milli ornamentləri ilə yanaşı yaşamaqdadır.
Heydər Əliyev ədalətli adam idi. Öz ifadəsi ilə desək, ədalətsizliklə ədaləti bərpa etmək olmaz sözləri əslində onun şəxsiyyətinin portretini çəkir. Sovetlər Birliyi imperiya idi. Orada uzun illər sovet hökuməti tərəfindən bizim atalarımıza, babalarımıza deyilən kimi bütün xalqlar heç də könüllü birləşməmişlər. Qəhrəman türk qanı damarlarında axan Heydər Əliyev Yuri Andropovdan sonra Komminst partiyasının baş katibi olmalı olan bir dahi şəxsiyyət idi. Hər kəs bilirdi ki, ondan güclü namizəd yoxdur. Lakin onun milliyyəti, dili, dini və əqidəsi bədxahlara rahatlıq vermirdi. Və nəticədə Heydər Əliyev vəzifədən müxtəlif bəhanələrlə uzaqlaşdırılır. İndi verəcəyim sual sonralar bəlkə də bir çoxlarını düşündürüb. Görəsən Sov. İKP MK-nin baş katibi Heydər Əliyev olsa idi və yaxud digər yuxarı vəzifələrə irəli çəkilsə idi, onun fikirləri qərarvermə mexanizminə təsir etmək gücündə olsa idi Sovetlər Birliyi dağılardımı?
Heydər Əliyevi başqa siyasətçilərdən fərqləndirən başlıca xüsusiyyət onun ən mürəkəb vəziyyətdə belə çoxlarının görə bilmədiyi ən doğru, təsirli üsul və vasitələri tapıb qarşıda dayanan vəzifələrin icrasına yüksək səviyyədə nail ola bilməsi idi. 1990-cı ilin 20 Yanvar hadisəsindən sonra şair Məmməd Arazın bir misrasında dediyi kimi Heydər Əliyev çoxminillik tarixə malik xalqına “Nə yatmısan, qoca vulkan, səninləyəm! Ayağa dur, Azərbaycan, səninləyəm!” deyə bildi.
Heydər Əliyev öz oğlu və Moskvada yaşayan soydaşlarımızla Azərbaycanın daimi nümayəndəliyinə gələndə bilirdi ki, onun həyatı ciddi təhlükə altındadır. Lakin o çox sevdiyi xalqının uğrunda canını heç vaxt əsirgəməzdi. Heydər Əliyevin bundan sonrakı tarixi fəaliyyət xronologiyası xalqımıza məlumdur. Çünki xalqımız Ulu rəhbərlə birgə bu şanlı tariximizi yazmışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev yaxın tarixdə öz ölkəsinin taleyində müstəsna rol oynamış və ən mürəkkəb şəraitdə xilaskarlıq missiyasını öz üzərinə götürmüşdür.
Azərbaycanın öz milli maraqlarına uyğun rasional siyasət yürütməsi Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başladı. Sovetlər Birliyinin xəstə təfəkkürü nəticəsində birlik dağıldı. Demək olar ki, ittifaq daxilində bütün dövlətlər azadlığına qovuşmuşdu. Lakin dövlətin başında dayananlar milli maraqlarımızı qətiyyətli, davamlı müdafiə edə bilmir və xam xəyallarla dövləti idarə etməyə cəhd edirdilər. Heydər Əliyevin dahiliyi onda idi ki, o, real vəziyyəti düzgün qiymətləndirərək ən doğru qərarı verirdi. Elə Azərbaycan xalqı da ən müdrik qərarı verə bildi və Heydər Əliyev təkidli xahişlərdən sonra Yeni Azərbaycan Partiyasını yaradaraq hakimiyyətə doğru irəliləyirdi. Bu hərəkatın qarşısını ala biləcək ciddi siyasi nüfuza malik maneə yox idi. Hakimiyyətə gələnə qədər müxalifət partiyası kimi fəaliyyət göstərsə də YAP heç vaxt indiki bəzi müxalifət partiyaları kimi dağıdıcı mövqeyə malik olmamışdır. Çünki onun Proqram və Nizamnaməsini məhz Ulu Öndər öz əli ilə yazmışdır.
Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə Azərbaycanda heç hakimiyyət də yox idi. Ölkə bölgələr bölünmüş, qardaş qardaşa güllə atır, özünümüdafiə hissələri Qarabağda torpaqları müdafiə etmək əvəzinə Bakıda hakimiyyət davası edir və nəticədə torpaqları itirərək şəhidlər verirdik. Ona görə də tam vicdan rahatlığı ilə deyə bilərik ki, Heydər Əliyev yoxdan bir dövlət yaratdı. Daha sonra o, bu dövlətdə yaşayan insanların milli təfəkkürünü özünə qaytarmağa başladı. Dünyanı əlində xəritə və göstərici gəzən Heydər Əliyev dünya ictimaiyyətinə ölkəmizi tanıtdırırdı. Eyni zamanda da orada yaşayan soydaşlarımızı öz ətrafında toplayırdı. Müasir sözlərlə ifadə etsək, dəmir yumruğu hələ o zamanlar formalaşdırmağa başlamışdır.
Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edən siyasi, hərbi və iqtisadi strategiyanın əsası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən bu dahi şəxsiyyətin vəsiyyəti gerçəkləşdi. Lakin bu yol uzun və çətin, siyasi, diplomatik təsirlərin, təyziqlərin altında əzilməyən bir iradənin nəticəsində uğurla başa gəldi. İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir deyəndə o bilirdi ki, azad iqtisadi imkanları olmayan bir dövlət öz torpaqlarını azad edə, öz gələcəyini müəyyənləşdirə bilməz. Məhz bu səbəbdən Heydər Əliyevin böyük diplomatik səyi ilə 1994-cü ilin sentyabrında bağlanan, bu gün artıq qürurverici tarixə çevrilən böyük neft müqaviləsi - “Əsrin müqaviləsi” Azərbaycana böyük xarici sərmayələr yatırılması üçün də şərait yaratdı. Bu hadisə iqtisadi sıçrayışın başlanğıcı oldu. Heydər Əliyev iqtisadiyyatın liberallaşması, bazar iqtisadiyyatına keçidi təmin etmək məqsədilə iqtisadi islahatlar yolunu seçmiş və bu istiqamətdə misilsiz işlər görmüşdür.
İqtisadi imkanların artması ordu quruculuğuna ciddi təkan verdi. 1993-cü ildə Gəncə və Lənkəranda baş verən hadislər, 1994-1995-də dövlət çevrilişinə cəhdlər vahid komandanlığın vacibliyini bir daha aktuallaşdırırdı. Ulu Öndər qısa zamanda hərbi təhlükəsizliyin təmin edilməsi üçün real qüvvələri birləşdirə bildi. O, ordu quruculuğunda öz xalqına arxalanırdı. Heydər Əliyev Azəraycanda ordunu qısa bir zamanda formalaşdırdı. Ordu Azərbaycanın müstəqilliyinin atributudur və ona görə bu proses davamlı bir prosesdir. Ulu Öndərin əsasını qoyduğu Azərbaycan Silahlı Qüvvələri indi dünyanın 52-ci ordusudur və bu ordu V nəsil müharibə aparmaq qabiliyyətinə malikdir.
Əlbəttə, Ulu Öndər Heydər Əliyevin tarixi fəaliyyət sferaları çox müxtəlif və çoxşaxəlidir. Onun Azərbaycan xalqına miras qoyub getdiyi arzuları reallaşdırmaq üçün milli kadr ehtiyatları ilə yanaşı layiqli davamçı yetişdirməsi xalqın dünəni deyil, sabahı naminə atılmış ən əvəzsiz addım idi. Cənab Prezident İlham Əliyev xalqın işıqlı sabahı, hər bir Azərbaycan vətəndaşının Prezidenti kimi Ulu Öndər ideyalarını gerçəkləşdirə bilmişdir. İndi isə Azərbaycan xalqının qarşısında yeni üfuqlər, yeni hədəflər və istiqamətlər vardır.