Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildən təşkil olunub

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildən təşkil olunub
Nizaməddin Ağcayev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədri
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin direktoru

Artıq uzun illərdir ki, Bakı böyük tədbirlərə ev sahibliyi edir. Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib. O, tədbirdəki çıxışında bir sıra mühüm məqamlara diqqət çəkib. İlham Əliyev öz çıxışında Azərbaycanın əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olmasına diqqət çəkib. Daha sonra o qeyd edib ki, coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz, əslində, bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. 

İlham Əliyevin toxunduğu digər məsələ də çoxtərəflilik olub. O, çıxışında qəti şəkildə çoxtfliliyə tərəfdar olduğunu bildirib. Eyni zamanda Qoşulmama hərəkatının da mühüm tərəflərinə diqqət çəkib: “Bu, BMT-dən sonra ikinci ən böyük təşkilatdır. Təbii ki, Qoşulmama Hərəkatının vacib təməl dəyərləri məhz suverenlik, ölkələrin ərazi bütövlüyü, daxili işlərə qarışmamaqdır. Biz həmin Hərəkatın təsisatlanması seqmentinin gücləndirilməsinə çalışdıq və bununla bağlı daxildə şəbəkə yaratdıq, qadınların və gənclərin təşkilatlarını təsis etdik. Bütün bunlar məhz Azərbaycan tərəfindən yaradılıb. Əminəm ki, Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində inkişafı gələcəkdə də davam edəcək.

COVID vaxtlarında biz, həmçinin Qoşulmama Hərəkatının platformasından istifadə edərək həmin faciəvi xəstəliyin fəsadlarını müzakirə etməyə çalışdıq. Çünki pandemiya bütün ölkələrə təsir göstərdi. Azərbaycan məhz o ölkələrdən biri idi ki, fəal şəkildə peyvənd millətçiliyinə qarşı çıxış etdi, səsini qaldırdı və ucaltdı. Bildiyiniz kimi, pandemiyanın ilk aylarında peyvənd çatışmırdı. Pul vəsaitləri çox olan bir sıra ölkələr özlərində çox böyük sayda, hətta beş dəfədən artıq peyvənd topladılar. Bunu necə etmək olar?! Bununla onlar, sadəcə, bir çox digər ölkələrin səhiyyə sistemini heçə endirdi ki, onların da peyvəndlərə çıxışı yox idi. Ona görə milli maraqlar baxımından, əlbəttə ki, Azərbaycan həmin Qoşulmama Hərəkatında sədrliyi zamanı peyvənd milliyyətçiliyinə qarşı mübarizə apardı və biz Baş Assambleyada bununla bağlı təşəbbüskar olduq.”

Prezident İlham Əliyev hər zamankı kimi bu çıxışında da 44 günlük müharibəyə də diqqət çəkərək sülhü müharibəylə bərpa etdiyimizi qeyd etdi. O torpaqlarımızın 30 ildən çox düşmən tapdağı altında qaldığını qeyd edərək buna daha uzun müddət səssiz qalmağın mümkün olmadığını qeyd etmişdir: “Biz 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında isə biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə biz münaqişədən sonrakı vəziyyətdəyik. Münaqişədən sonrakı vəziyyətə gəldikdə, bir daha deyirəm, Azərbaycan çox fəal çalışır, Azərbaycan məhz Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Azərbaycan məhz o ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı. İndi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar bizim təkliflərin layihəsi üzərində aparılır. Demək olar ki, 30 il insanlar əziyyət çəkib, beynəlxalq hüquq pozulub, bizim bütün mədəni, tarixi məkanlarımız, o cümlədən 67 məsciddən 65-i erməni vandalları tərəfindən tamamilə məhv edilib. Qeyd edirəm ki, bəzi ölkələr Ermənistana dəstək verirdi.”

Ölkəmizdə belə tədbirlərin tez-tez keçirilməsi, əlbətdə ki, böyük uğur hesab edilməlidir. Qeyd edək ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub.