Şəhid Elçin İsmayılovun xatirəsinə bulaq-xatirə kompleksinin açılış mərasimi keçirilib

Şəhid Elçin İsmayılovun xatirəsinə bulaq-xatirə kompleksinin açılış mərasimi keçirilib
22 dekabr 2021-ci il tarixdə Qaraçuxur qəsəbəsi Yeni Günəşli “V” yaşayış sahəsində Vətən Müharibəsi şəhidi İsmayılov Elçin Mübariz oğlunun adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş bulaq-xatirə kompleksinin açılış mərasimi keçirilib. Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Etibar Əliyev, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, qəsəbə sakinləri, mətbuat nümayəndələri və şəhidin doğmaları iştirak etmişlər. Suraxanı RİH başçısı Əziz Əzizov dövlətimizin şəhid ailələrinə ali qayğısından bəhs edərək bildirmişdir ki, hər bir şəhid ailəsi diqqətdə saxlanılır. Elçin kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusunun şanlı qələbələrə imza atdığını qeyd edən Əziz Əzizov şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacaqlarını, onların xatirəsinin daim əziz tutulacağını bildirmişdir.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov kapitan İsmayılov Elçinin Vətən Müharibəsində zabit kimi göstərdiyi şücaətlərinə əsasən Ali Baş Komandan tərəfindən onun 3-cü dərəcəli “Rəşadət” ordeni“, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunduğunu bildirmişdir.
Milli Məclisin deputatı Etibar Əliyev şəhidimizin Ermənistan Silahlı Qüvvələrinin təcavüzü ilə başlanan hücumları nəticəsində cəbhənin Füzuli-Qubadlı istiqamətlərində fəal iştirak etdiyini ifadə etmiş, onun Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə də böyük qəhrəmanlıq göstərərək 2020-ci il oktyabrın 10-da şəhid olduğunu bildirmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.