Üçtərəfli Bəyanatın imzalanması ilə ölkəmiz yeni bir mərhələyə qədəm qoydu

Üçtərəfli Bəyanatın imzalanması ilə ölkəmiz yeni bir mərhələyə qədəm qoydu

Tutu Həmzəyeva 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 318 nömrəli tam orta məktəbin direktor müavini

2020-ci ildə əldə etdiyimiz tarixi qələbə ilə Azərbaycan xalqı öz doğma torpaqlarına, haqqına və ədalətə qovuşdu. Bu zəfər, Azərbaycanın ərazi bütövlüyünü, milli ləyaqətini və gücünü təsdiqləyən əvəzsiz nailiyyət oldu. Ermənistanla uzun illər davam edən münaqişəyə son qoyan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın imzalanması ilə ölkəmiz yeni bir mərhələyə qədəm qoydu. Bu uğurlu addımların sayəsində Azərbaycanın Ağdam, Laçın, Kəlbəcər rayonları, Laçın şəhəri, Zabux və Sus kəndləri qan tökülmədən, sülh yolu ilə geri qaytarıldı.

Bu qələbə yalnız hərbi sahədə deyil, həm də siyasi, diplomatik və iqtisadi sahələrdə davam edən irəliləyişlərlə möhkəmləndirildi. Qardaş Türkiyə ilə münasibətlərimiz 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması ilə daha da gücləndi və tarixə dostluğumuzun yeni bir mərhələsi kimi daxil oldu. Bu Bəyanat iki ölkə arasında strateji tərəfdaşlıq üçün güclü bir zəmin yaratdı.

Azərbaycan, beynəlxalq hüququn beş əsas prinsipini önə çəkərək, Ermənistana sülh təklifimizi etdik. Bu prinsiplər ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və regional kommunikasiyaların açılmasını ehtiva edir. Həmin prinsiplərin tanınması ilə Azərbaycan öz haqlı mövqeyini daha da gücləndirdi.

2020-ci ilin Vətən müharibəsi Ermənistanın və onun havadarlarının illər boyu Azərbaycan torpaqları üzərində qurduğu işğal və ilhaq planlarını tamamilə alt-üst etdi. Bu planlar, Azərbaycanın tarixi ərazilərini işğal altında saxlamaq, bu torpaqlarda qeyri-qanuni məskunlaşma ilə faktiki olaraq onların ilhaqını təmin etmək məqsədi daşıyırdı. Lakin Azərbaycan xalqının iradəsi, müzəffər ordumuzun qətiyyəti və dövlətimizin uzaqgörən siyasəti nəticəsində düşmənin hər cür planı iflasa uğradı.

İllər boyu Ermənistanın və bəzi xarici qüvvələrin dəstəyi ilə aparılan işğal siyasəti bölgənin təhlükəsizliyinə və sabitliyinə ciddi təhdid yaratmışdı. Ermənistan bu ərazilərdə süni demoqrafik dəyişikliklər etməyə çalışaraq, Azərbaycan torpaqlarını özününküləşdirmək məqsədi güdürdü. Ermənistanın qanunsuz məskunlaşma və hərbi güc vasitəsilə həyata keçirməyə çalışdığı bu ilhaq planları bizim hərbi və siyasi mübarizəmiz nəticəsində dağıldı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək düşmənin bütün niyyətlərini puç etdi və tarixdə mühüm bir dönüş nöqtəsinə imza atdı.

Bu qələbə ilə Ermənistanın Azərbaycan ərazilərini qeyri-qanuni şəkildə ələ keçirmək siyasəti bütün dünya qarşısında ifşa edildi. Ermənistan və onun havadarlarının dəstəyi ilə həyata keçirilən bu siyasət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qarşı yönəlmiş bir təcavüz aktı idi. Bu işğalçılıq siyasətinə son qoyaraq, Azərbaycan regionda sülh və sabitlik üçün yeni bir dövr başlatdı. Azərbaycanın öz torpaqlarını azad etməsi, Ermənistanın beynəlxalq hüququ pozaraq əldə etməyə çalışdığı ilhaq planlarını heçə endirdi və dünyaya güclü mesaj verdi: Azərbaycan heç bir halda öz torpaqlarını işğal altında saxlamağa imkan verməz.

Azərbaycan xalqının və dövlətinin bu tarixi zəfəri, düşmənlərimizin hiyləgər planlarına qarşı ən güclü cavab oldu. Bu gün biz, işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işlərini sürətlə həyata keçirərək, xalqımızın doğma torpaqlarına geri dönüşünü təmin edirik. Qazandığımız bu qələbə ilə Ermənistanın ilhaq niyyətləri bir dəfəlik sona çatdı, və bizim üçün yeni bir inkişaf və rifah dövrü başladı. Bizim məqsədimiz, azad edilmiş torpaqlarda həyatın bərpa olunması və bu torpaqların əbədi olaraq Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi inkişaf etməsidir.

Bundan əlavə, sərhədlərin delimitasiyası məqsədilə yaradılan komissiyalar fəaliyyətə başlayıb və bu, bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün mühüm addımdır. 2022-ci ilin 6 oktyabrında Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə keçirilən görüşlərdən sonra imzalanmış bəyanatla Azərbaycanın ərazi bütövlüyü bir daha tanındı.

İşğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və soydaşlarımızın öz yurd-yuvalarına qayıtması məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində geniş miqyaslı bərpa işləri aparılır. Bu torpaqlarımıza böyük sevgi və əzmlə yenidən həyat veririk.

2023-cü ilin 23 aprelində Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycanın ərazi bütövlüyü daha da təmin olundu. 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatları ilə Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi.

Bu gün xalq güclü Azərbaycan qurma yolunda inamla addımlayır. Qələbəmiz, ölkəmizin gələcək inkişafı və xalqımızın rifahı üçün möhkəm zəmin yaratdı.