Kəmalə Məmmədova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 318 nömrəli tam orta məktəbin müəllimi
Ümummilli liderimiz Ulu Öndər Heydər Əliyev demişdir: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”.
Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında – yeniyetmə, gənc və yaşlılarda yüksək vətənpərvərlik duyğuları aşılayır. Bayraq insanlarda Vətənə sevgi və məhəbbət hissləri yaradır. Gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə edilməsi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsinə xidmət göstərir. Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Üçrəngli Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb, 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.
Bayrağımızın rəngləri istiqlalımızın üç təməl prinsipini özündə cəmləyir. Dövlət Bayrağımızdakı bu üç rəngin ifadə etdiyi milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” idealarının müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. Bu bayraq xalqımızın azadlıq uğrunda tutduğu yola, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiq olduğumuzu bir daha sübut edir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağı bərpa etmişdir.
Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib”.
İkinci Qarabağ müharibəsi və “Antiterror əməlliyyatı” bizim şanlı tariximizdir. Bu qələbələr nəticəsində ərazi bütövlüyümüz bərpa edildi. Ata vəsiyyətini şərəflə yerinə yetirən Ali Baş Komandanımızın güclü hərbi və siyasi rəhbərliyi sayəsində düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ azad olunan torpaqlarımızda bərpa etdik. Bu gün Azərbaycan dövləti qalib, müzəffər xalq kimi yaşayır və əbədi yaşayacaqdır.