Təsadüfi deyil ki, rəsmi Berlin bu illər ərzində Avropada rəsmi Bakının ən vacib siyasi-iqtisadi tərəfdaşlarından birinə çevrilib

Şaiq Səfərov
YAP Suraxanı Rayon Təskilatının fəal üzvü
Suraxanı Rayon İcra Hakimiyyəti nəzdində Layihə Bürosunun rəisi
Xarici siyasət kursunu çox düzgün quran Azərbaycan beynəlxalq aləmdə də vacib tərəfdaşa çevrilib. Azərbaycan dünyanın nüfuzlu dövlətləri, xüsusilə Qərbi Avropa ölkələri ilə iqtisadi-siyasi maraqlara uyğun olaraq, qarşılıqlı münasibətləri qoruyaraq geniş əlaqələr qurub. Bu baxımdan Azərbaycan Almaniya Federativ Respublikası üçün də cəlbedici ölkədir. Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb.
Xalqlarımız arasında əlaqələrin də dərin tarixi kökləri var. XIX əsrdə bir sıra alman ailələri Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə veriblər. Onlar Azərbaycanın siyasi həyatında da iştirak ediblər. Hazırda da Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub-saxlanılmasını təmin edir.
Azərbaycan və Almaniya arasında siyasi əlaqələr hazırda da yüksək səviyyədədir. Təsadüfi deyil ki, rəsmi Berlin bu illər ərzində Avropada rəsmi Bakının ən vacib siyasi-iqtisadi tərəfdaşlarından birinə çevrilib. Eləcə də, Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır.
Qeyd edim ki, Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə səfəri də bu baxımdan yaddaqalan oldu. Yeri gəlmişkən, Almaniya Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il 12 yanvarda tanıyıb, həmin ilin 20 fevralından ölkələrimiz arasında diplomatik əlaqələr qurulub və bir sıra sahələrdə geniş əməkdaşlıq əlaqələri yaranıb. Azərbaycan Prezideni cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu səfər Azərbaycan-Almaniya əlaqələrinə müsbət təkan verəcək.
Dövlətimizin başçısı təkbətək görüşdə, nümayəndə heyətinin iştirakı ilə görüşdə, eyni zamanda, mətbuata bəyanatında ölkələrimiz arasında əlaqələrin gələcək inkişafının müzakirə olunduğunu vurğulayaraq, əldə edilən nəticələrin ruhlandırıcı olduğunu xüsusi qeyd etdi.
Azərbaycan Pezidenti bərpaolunan enerji sahəsində Almaniya şirkətlərinin, həmçinin Azərbaycanın çox böyük təcrübəsi, proqramı və planları olduğunu söyləyib.
Ermənistan tərəfindən 30 il ərzində ölkəmizin 20 faiz ərazisinin işğala məruz qalması və bir milyondan çox soydaşımızın ev-eşiyinin dağılmasına nəhəng dövlətlərin, əlaqədar təşkilatların biganəliyinə dözməyərək, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, hərb yolu ilə özümüzün əldə etdiyimiz tarixi qələbənin sülh danışıqlarına yol açdığını bildirən dövlətimizin başçısı qeyd etdi ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşıb.
Mətbuata bəyanatında Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bildirib ki, “Qarabağ Azərbaycandır, bu, rəsmi Berlinin birbaşa və aydın mövqeyidir”. “Biz həmişə demişik ki, bu, sizin (Azərbaycan) ərazinizdir və bu gün Almaniyanın bu mövqeyini təsdiqləyirik”.
O, qeyd edib ki, Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin çox böyük əhəmiyyəti var.
Son bir il ərzində bu istiqamətdə atılan addımlar və əldə olunan irəliləyişlər münasibətilə təbriklərini ifadə edən Almaniya Prezidenti deyib: “Razılaşmanın əldə olunması ilə bağlı mühüm an yetişib. Ümid edirəm ki, bu andan istifadə olunaraq sülh müqaviləsi imzalanacaq və sizin regionda əsl davamlı sülh yaranacaq. Mən buna çox böyük ümidlər bəsləyirəm”.
Frank-Valter Ştaynmayer Almaniyanın bu prosesdə lazımi dəstəyi verməyə hazır olduğunu əlavə edib.
Frank-Valter Ştaynmayer, həmçinin vurğulayıb ki, Cənubi Qafqazda dayanıqlı sülh və sabitlik regionun iqtisadi inkişafına daha böyük təkan verəcək.