Türk dünyasının mədəniyyət paytaxtı, Qarabağın mirvarisi - Şuşa !
Xəyalə Veyisova
YAP Suraxanı rayon təşkilatının ƏPT - nin sədri
Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın direktoru
Azərbaycan xalqı Şuşanı özünə milli simvol seçib və bura Azərbaycanda mədəniyyətin əsas beşiyi hesab edilir. XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar.
Şuşa rayonu Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m). Keçəldağ aşırımı da rayon ərazisindədir. Rayonda əsasən, Yura və Təbaşir çöküntüləri yayılmışdır. Müxtəlif növ tikinti materialları yataqları və mineral su bulaqları (Turşsu, Şırlan) var. Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli yol Daşaltı çayına aparır. Torpaqları qəhvəyi və qonur dağ-meşə, çimli dağ-çəmən tiplidir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənlər və kserofit kolluqlar var.
Ölkəmizə qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdir. 2020-ci il noyabrın 8-də Şuşa şəhəri Cənab Prezidentin məqsədyönlü siyasəti və ordumuzun qətiyyətli mübarizəsi nəticəsində işğaldan azad olundu. 07 may 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı seçildi. Sərəncamda əsas diqqət Şuşa şəhərinin yenidən qurulmasına və mədəni irsinin bərpasına yönəlmişdir.
Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir. Məhz bu sərəncamdan sonra Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi xalqımıza daha qürurlu hislər yaratdı. Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi. Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunub. İclasın Şuşa şəhərinin 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə bağlı videotəqdimat keçirilib.Təqdimatda Avrasiyanın ən dilbər guşələrindən biri, Qafqazın incisi Şuşa şəhərinin tarixi, mədəniyyəti, müasir vəziyyəti, coğrafi quruluşu, tarixi şəxsiyyətləri, 44 günlük Vətən savaşı sayəsində düşməndən azad edilən qədim türk yurdunda aparılan quruculuq və yenidənqurma işləri əksini tapır.
Şuşa şəhəri təbiəti və saf havasına görə və müalicə əhəmiyyəti baxımından Sovet illərində kurort şəhəri hesab olunurdu.Yaxın zamanlarda Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin verdiyi sərəncamların icrası nəticəsində Şuşa şəhəri beynəlxalq turizm mərkəzinə çevriləcək. Bununla da Azərbaycan xalqı bir daha ermənilərə ədalətli müharibə aparıb öz torpaqlarını geri qaytardığını və erməni vandalizmini “Qara turizm” vasitəsilə dünyaya çatdırmaqla sübut edəcək.