Türk Dövlətləri Təşkilatı türkofobiya və islamofobiya mahiyyətli siyasət yürüdən dövlətlərə göz dağıdır

Türk Dövlətləri Təşkilatı türkofobiya və islamofobiya mahiyyətli siyasət yürüdən dövlətlərə göz dağıdır

Əliqismət Səfərov

Suraxanı rayonu 318 nömrəli məktəbin direktoru

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası  3 oktyabr 2009-cu ildə Naxçıvan müqaviləsi ilə AzərbaycanTürkiyəQazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilat, eyni zamanda türk dövlətlərinin hərəyliyini dünyaya nümayiş etdirən böyük birlikdir. Bu birliyə sonradan Özbəkistan da qoşulmuşdur.

Qeyd etmək istərdim ki, Azərbaycan Türk dünyasının birliyinin güclənməsinə mühüm töhfələr verib. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış etmişdir. Bu faktdır ki, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər ümumən Türk dünyasının nüfuzunun artmasına səbəb olmuşdur. Bu, bütün Türk dünyasının zəfəridir.

Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması Türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcəkdir. Türk Dövlətləri Təşkilatının  bir sıra tədbirlərinin ölkəmizin işğaldan azad olunmuş ərazilərində keçirilməsi isə Azərbaycana dəstəyin ən gözəl ifadəsi olmuşdur. Ötən il təşkilata üzv və müşahidəçi dövlətlərdən 30-a yaxın jurnalistin Bakı, Gəncə və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə media turu təşkil olunması ölkəmiz üçün növəti müvəffəqiyyət idi. 

Hesab edirəm ki, son zamanlar dünyada baş verən geosiyasi proseslər fonunda Türk dövlətləri öz əməkdaşlıq sahələrini daha da genişləndirmək istiqamətində səyləri artırıb. Bu il noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilməsi bunun bariz nümunəsidir. Türk birliyi dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi hər zaman Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olmuşdur.

 Təəssüflər olsun ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir. Son olaraq sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur oldu. Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Biz bu əsassız iddiaları qəti şəkildə rədd edirik. Birmənalı olaraq Qarabağ münaqişəsi tarixdə qalmışdır. Oktyabr ayında Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıması bunun əyani sübutudur.

Son 13 il ərzində Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlər arasında iqtisadi, siyasi, mədəni sahələrdə görülən işlər təqdirəlayiqdir. Bu birlik tarixdən bu günə türk boylarının, daha sonralar dövlət quran bu boylardan yaranan türk dövlətlərinin bir araya gəlməyini qəti surətdə istəməyən, dırnaqarası multikulturalların ən ağrılı yeridir. Bu birlik türkofobiya və islamofobiya mahiyyətli siyasət yürüdən dövlətlərin qorxulu yuxusu, XII əsrdən bu yana bu birliyə mane olmaq istəyən, lakin heç bir vəchlə buna müvəffəq ola bilməyənlər üçün göz dağıdır.