Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik
Seyid Seyidov
YAP Suraxanı rayon təşkilatı ƏPT-nin sədr müavini
Suraxanı Rayonu, Zığ QİƏD üzrə nümayəndənin müavini
Prezident İlham Əliyevin cari ilin 6 iyun tarixində TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı etdiyi çıxış, Türk dünyasının birliyini və Azərbaycanın bu istiqamətdəki prioritetlərini açıq şəkildə nümayiş etdirdi. TÜRKPA-nın plenar iclasları, Türk dünyasının birliyinin təzahürü olaraq, ölkələrimizin bu birliyə yönəlmiş böyük səylərini əks etdirir.
Ölkəmizin reallaşdırdığı siyasət müstəqillik və suverenlik kimi fundamental prinsiplərə əsaslanır. Yeni dövrdə xarici siyasətimizin əsas prioritetlərindən biri Türk dünyasına inteqrasiyanın dərinləşdirilməsi olacaq. Prezident İlham Əliyev çıxışı zamanı bununla bağlı deyib: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
“Türk dünyasının birləşməsi bütün türkdilli xalqların gələcəyi üçün son dərəcə önəmlidir. Buna görə də Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr bu istiqamətdə böyük səylər göstərirlər. Azərbaycan da üzv olduğu bütün digər beynəlxalq təşkilatlardakı kimi, Türk Dövlətləri Təşkilatında mühüm təşəbbüslərlə çıxış edir. Öz çıxışında cənab Prezident İlham Əliyev Təşkilatın ildə bir dəfə Zirvə görüşünün keçirilməsini qənaətbəxş hesab etmədiyini bildirdi. Buna görə də Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Bu ali toplantının əsas mövzuları isə nəqliyyat və iqlimlə bağlı olacaq. Nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. İqlim məsələləri isə bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir”.
Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq. İqlim məsələləri isə bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Bildiyiniz kimi, Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində, əlbəttə ki, qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir. Zirvə görüşünün Şuşada keçirilməsi təbii ki, böyük rəmzi məna daşıyır.
“Öz çıxışında dövlət başçımızın dediyi kimi, Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Ötən dövr ərzində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri Ağdamda və Füzulidə olmuşlar. Azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir İncəsənət Mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Daha bir məktəbin təməli isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Bütün bunlar, azad edilmiş torpaqlarda Türk dünyasının birliyinin əyani təzahürləridir”. Bu fürsətdən istifadə edərək mən qardaş ölkələrə bir daha təşəkkürümü bildirmək istəyirəm”. Qeyd etmək lazımdır ki, Türk Dövlətləri Təşkilatının yaranması, iqtisadi, mədəni, siyasi, hərbi sahələrdə əməkdaşlığın genişlənməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımdır. Azərbaycan sadəcə türk dövlətlərinin inteqrasiyası prosesinin iştirakçısı deyil eyni zamanda ən fəal ideoloqlarındandır. Türk dövlətlərinin bir sıra təşkilatları da yaradılıb ki, bu da ümumi işə öz töhfəsini verir. Həmin təşkilatlardan biri də Türk Dövlətləri Parlament Assambleyasıdır (TÜRKPA).
Ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. "Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik", - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.