Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır. Həkimlər Tamerlan Əliyev, Cəmil Əliyev və tanınmış musiqiçi Gülarə Əliyevanın bacısı olan Zərifə xanım 1933-1942 ci illərdə orta məktəbdə təhsil almışdır. 1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirirdi.
1948-1950 ci illərdə Azərbaycan Elmi-tədqiqat Oftalmologiya Insititunda elmi işçi, 1969 cu ildən isə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə Insititunda göz xəstəlikləri kafedrasının dosenti, professor, 1982-1985 ci illərdə isə görmə orqanlarının patalogiyasının müdiri vəzifəsində çalışmışdır. XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyurdu.
Zərifə Əliyevanın Azərbaycan Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, "İriodiagnostikanın əsasları" kimi nadir əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin,150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Azərbaycan oftalmoloqları indi də Zərifə xanımın ixtiralarından yararlanaraq, yüksək ixtisaslı səhiyyə kadrları kimi dünyada tanınırlar. Zərifə xanımın həkimlik sənəti ilə bağlı bir fikri də diqqəti cəlb edir: "Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır".
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq "Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub. Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət" kitabında oxuyuruq: “Özü də çoxsaylı vəzifələrinin heç birinə qətiyyən formal yanaşmırdı. Məsələlərin müzakirəsində şəxsən iştirak edir, onların uğurlu həlli üçün bilik, qüvvə və enerjisini əsirgəmirdi.
Bu zaman çalışırdı ki, gündəlik həyatının işlə bağlı tərəfi heç bir halda qadın və ana kimi üzərinə düşən vəzifələri üstələməsin. Bəzən Zərifə xanım elmi və ictimai işlərin ailəsinə, övladlarına ayıra biləcəyi vaxtı əlindən aldığına görə özünü günahkar hiss edirdi".
Əsl Azərbaycan qadını, vəfalı həyat yoldaşı,fədakar ana, görkəmli alim Zərifə xanım Əliyeva cəmi 61 il yaşayıb, 1985-ci il aprelin 15-də Moskvada vəfat edib. Onun xatirəsi dövlətimiz və xalqımız tərəfindən layiqincə əbədiləşdirilib. Fəxri xiyabanda məzarı üstündə tuncdan heykəli ucaldılıb. Bakıda Milli Oftalmologiya Mərkəzi, Naxçıvan şəhər poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınıb. Bakı və Naxçıvanda küçələrdən biri Zərifə xanım Əliyevanın adını daşıyır.Yasamal rayon ərazisində Zərifə Əliyevanın adını daşıyan lisey fəaliyyət göstərir.
Zərifə xanımın parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində əbədi yaşayacaq!