Suraxanı rayonu 87 nömrəli tam orta məktəbdə “Şuşa ili” nə həsr olunmuş tədbir keçirilib

Suraxanı rayonu 87 nömrəli tam orta məktəbdə “Şuşa ili” nə həsr olunmuş tədbir keçirilib
7 dekabr 2022-ci il tarixində 87 nömrəli tam orta məktəbdə “Şuşa ili” nə həsr olunmuş “Qarabağ Azərbaycandır!” mövzusunda  tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd müasir və müstəqil Azərbaycançılıq ideyalarının və xalqımızın qəhrəmanlıq salnaməsinin, şanlı qələbəmizin  təbliği,  milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaqdır.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin  başçısı,  Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov və digər rəsmi şəxslər, 87 nömrəli məktəbin rəhbərliyi, müəllim və şagirdlər iştirak edib.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlərin ifasında qələbəmizə, işğaldan azad olunmuş torpaqlarımıza həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Məktəbin həyətində Şuşaya, qələbəmizə həsr olunmuş sərgi təşkil olunub. Vətənpərvərlik mövzusunda hazırlanmış səhnəciklər, şeirlər, mahnılar, rəqslər nümayiş olunub. 

Tədbirdə çıxış edən RİH-nin başçısı Əziz Əzizov bildirib ki, məhz Ali Baş Komandan İlham Əliyevin və müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində Şuşa arzumuz gerçəkləşib, mədəniyyət beşiyi olan Şuşa şəhəri və digər ərazilərimiz özümüzə qaytarılıb. 2022-ci ilin “Şuşa ili” elan olunması bu baxımdan böyük tarixi əhəmiyyətə malikdir.