Azərbaycanın ABŞ-la münasibətlərində yeni səhifə açılır

Gülşən Yusubova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 30 saylı ambulatoriyanın baş həkimi
“Bildiyiniz kimi, avqustun 8-də ABŞ-da çox mühüm bir görüş keçirildi. Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri bir araya gəldilər. Bu görüş təkcə siyasi deyil, həm də tarixi əhəmiyyət daşıyır. İllərlə davam edən bəzi məhdudiyyətlər, o cümlədən 1992-ci ildən tətbiq edilən 907-ci düzəliş artıq dayandırılıb. Bu, Azərbaycanın ABŞ-la münasibətlərində yeni səhifə açır, əməkdaşlıq imkanlarını genişləndirir.
Həmçinin, bu gün Azərbaycan qazı NATO-nun 10 üzvünə və ABŞ-ın 10 müttəfiqinə ixrac olunur. Bu, bizim iqtisadi gücümüzü artırır, ölkəmizi enerji təhlükəsizliyi baxımından əsas oyunçulardan birinə çevirir. Tramp Dəhlizi adlanan yeni nəqliyyat marşrutu isə regionda əlaqələri gücləndirəcək, Azərbaycanın tranzit imkanlarını genişləndirəcək.
Uzun illər ABŞ mediasında Azərbaycan çox vaxt haqsız şəkildə demonlaşdırılırdı. İndi isə bu görüş və əldə olunan razılaşmalar fonunda ölkəmiz haqqında daha obyektiv yanaşma formalaşır. Bu, beynəlxalq imicimiz üçün çox önəmlidir.
Vacib məqamlardan biri də odur ki, ATƏT-in Minsk qrupu prosesi artıq bağlanıb. Bu, illərlə nəticəsiz qalan, vaxtımızı alan boş danışıqların bitməsi deməkdir. Artıq Qarabağ məsələsində qərarı yalnız Azərbaycan özü verir və heç kim bizim daxili işlərimizə müdaxilə edə bilmir.
Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyev çox güclü, uzaqgörən siyasət yürüdür. O, həm ölkəmizin iqtisadi gücünü artırır, həm də siyasi müstəqilliyini möhkəmləndirir. Mən fəxr edirəm ki, bizim rəhbərimiz bu qədər ağıllı, prinsipial və xalqının maraqlarını hər şeydən üstün tutan bir dövlət başçısıdır.