TDT İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələrinə dəstəkdir

TDT İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələrinə dəstəkdir
Şəbnəm Balayeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin müəllimi
Bu gün Azərbaycan xalqı olaraq torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşayırıq. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın olundu. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atma məcburiyyətində qaldı. Hazırda qarşıda dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir.
Xatırladaq ki, nəinki Zəngilanda, Cəbrayılda, Qubadlıda, Ağdamda, Şuşada, ümumiyyətlə, erməni vandallığına məruz qalmış, erməni işğalından azad edilmiş bütün ərazilərdə çox vacib layihələr həyata keçirilir. Əsas məqsəd soydaşlarımızın öz ata-baba yurdlarına tezliklə qayıtmasıdır. Həm Qarabağ iqtisadi zonasında, həm də Şərqi Zəngəzur iqtisadi zonasında böyük işlərin görülməsinin şahidi oluruq. Hava limanlarının tikintisi, yolların çəkilməsi, yeni infrastrukturun yaradılması regiona böyük töhfələr verəcək.
Digər tərəfdən həm Cəbrayıl, həm Qubadlı, bütövlükdə Şərqi Zəngəzur İqtisadi Zonası geniş iqtisadi potensiala malikdir. Orada kənd təsərrüfatı, turizm, eləcə də sənayenin bütün sahələrinin inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Əlbəttə, infrastrukturların bərpası, yolların çəkilməsi görülən işlərin daha səmərəli olmasına kömək edir. Bütün bu görülən işlər ölkə iqtisadiyyatına və insanların sosial həyat şəraitinin daha da yaxşılaşmasına öz təsirini göstərəcəkdir.