Elburus Xəlilov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Hövsan Bələdiyyəsinin sədri
Aprel ayının 5-də prezident İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri baş tutub. Tacikistan prezidenti Emoməli Rəhmonun dəvəti əsasında baş tutan səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edir.
Düşənbə şəhərində Azərbaycan və Tacikistan prezidentləri həm təkbətək, həm də geniş tərkibdə görüşləri zamanı qarşılıqlı əməkdaşlığın inkişafına dair faydalı müzakirələr aparıblar. Dövlət başçılarının mətbuata birgə bəyanatları zamanı prezident İlham Əliyev ölkələrimizin qardaşlıq münasibətlərini vurğulayıb.
Dövlət başçılarının mətbuata birgə bəyanatları zamanı Prezident İlham Əliyev ölkələrimizin qardaşlıq münasibətlərini vurğulayıb: “Bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir”.
Prezident İlham Əliyev çıxışlarında indiki geosiyasi vəziyyətdə qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq, ümumi maraqlar ətrafında daha sıx birləşməyin vacib olduğunu bildirdi. Bu baxımdan, Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri və müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması yüksək dəyərə malikdir.
Prezident İlham Əliyevin Tacikistana səfəri və imzalanmış sənədlər onu deməyə əsas verir ki, Azərbaycan və Tacikistan arasında əlaqələr yeni mərhələyə qədəm qoyur. Digər ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmətlə yanaşan Azərbaycan xarici siyasətində qonşuları, dünya dövlətləri ilə sıx əməkdaşlıq əlaqələrini dərinləşdirməyi əsas tutur. Siyasətində hər zaman milli maraqlardan çıxış edən ölkəmiz Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərinə xüsusi önəm verir. Çünki son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq və ümumi səylər göstərməyi tələb edir.
Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasət Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi tanıdıb və ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənib. Bütün bunlar isə diplomatik reallıqlar fonunda respublikamızın imicini xeyli yüksəldib. Azərbaycan Prezidentinin həm xarici səfərləri, həm də ölkəmizə təşrif buyuran dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlər, imzalanan strateji tərəfdaşlıq sazişləri respublikamızın ayrı-ayrı dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələrinin daha da genişlənməsinə təkan verir.