Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası

Tarix sübut edir ki, hər hansı xalqın təşəkkülü və qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu ən mühüm şərtlərdən biridir: əsrlər boyu özünütəsdiq imkanı əldə etməyə çalışan hər bir xalq ilk növbədə milli dövlətini yaratmağa çalışmışdır. Milli dövlətə mənsubluq eyni zamanda hər bir xalqın mənəvi, siyasi, iqtisadi potensialını, keçdiyi şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirmişdir.
Azərbaycan xalqını milli müstəqilliyə aparan yol nə qədər keşməkeşli, əzab-əziyyətli olsa belə, bu tarixi həqiqət bütün azərbaycanlılarda qürur və fəxarət hissi doğurur: Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşmüş, xalqımız qısamüddətli olsa da, müstəqillik ideallarına qovuşmuşdur. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrilir. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanır.
1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir.
Azərbaycan Xalq Cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir. Amma bu şərəfli tarix uzun sürmədi, bolşevik-daşnak qüvvələri və onların rəhbərlərinin cinayəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti 23 aydan sonra süqut etdi.
Ötən əsrin ortalarında Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilən ulu öndər Heydər Əliyev ilk gündən həyata keçirdiyi tədbirlərlə xalqın gələcək müstəqilliyinə iqtisadi, siyasi və hüquqi zəmin hazırlamağa çalışmış, bu məqsədlə genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Böyük öndər Azərbaycana birinci rəhbərliyi dövründə böyük təzyiqlərlə, təqiblərlə üzləşsə də, riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir.
Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Məhz 70-80-ci illərdə ölkədə yaradılmış möhkəm təməl əsrin sonlarına doğru Azərbaycanda milli-azadlıq hərəkatının başlanmasına və respublikamızın müstəqillik qazanmasına imkan vermişdir.
1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başlamışdır. Bu mərhələdən etibarən respublikada müstəqil dövlət təsisatları formalaşmış, ilk milli Konstitusiya qəbul olunmuş, Milli Məclisə ilk seçkilər keçirilmiş, bütün bunlar respublikamızın demokratik və hüquqi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur.
Ulu öndərin siyasəti bu illər ərzində onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı. Prezident cənab İlham Əliyev deyib: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur.”