Şəhid Qardaşxan Əhmədlinin doğum günündə xatirəsi ehtiramla anılmışdır
12 mart şəhid əsgər Əhmədli Qardaşxan Elxan oğlunun doğum günüdür. Şəhidimizin doğum günü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar. Qardaşxan Əhmədlinin Xəzər rayon Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.
Şəhidlərimizə olan hörmət və ehtiramını bildirən RİH başçısı Əziz Əzizov dövlətimizin Şəhid ailələrinə olan tükənməyən qayğısından bəhs edərək vətən uğrunda şəhid olmuş Surxayın ailəsinə təsəlli vermiş, Vətənimizə gərəkli övlad yetişdirdiyi üçün bir daha təşəkkür etmişdir.
Şəhidin ad günündə qəhrəman vətən övladlarına və onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu olduğunu ifadə edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi Əhmədli Qardaşxanın da xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Yerli təşkilatın sədri Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirmişdir. Daha sonra təşkilat sədri YAP Suraxanı rayon təşkilatının çoxminli üzvləri adından şəhidin ailəsinə “Anım lövhəsi” təqdim etmişdir.
Qeyd edək ki, şəhid əsgər Əhmədli Qardaşxan Elxan oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.