Şəhid polkovnik-leytenant Rəşad Quliyevə həsr olunmuş “Canavarın döyüş yolu” adlı filmin təqdimat mərasimi keçirilmişdir
19 aprel 2023-cü ildə Sağlamlıq İmkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi, Suraxanı rayonu Zığ qəsəbəsinin sakini olmuş şəhid polkovnik-leytenant Rəşad Quliyevin əziz xatirəsinə həsr olunmuş “Canavarın döyüş yolu” sənədli filminin təqdimat mərasimi keçirilmişdir.
Təqdimatda Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Şəhid ailələri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Ekran işində şəhid Şəhid polkovnik-leytenantın təkcə döyüş yolu deyil, bütün ömür səhifələri vərəqlənib, onun uşaqlıq dövrü, məktəb illəri, əldə etdiyi uğurlar, peşə fəaliyyəti filmin süjet xəttini təşkil edib. Film “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyinin həyata keçirdiyi “Əbədiyaşar şəhidlərimiz” adlı layihə çərçivəsində çəkilmişdir. Layihənin rəhbəri Məlahət Abdullayevadır.