Şəhid Nazim Kirxlarovun Anım günündə bulaq – abidə kompleksinin açılış mərasimi keçirilmişdir

Şəhid Nazim Kirxlarovun Anım günündə  bulaq – abidə kompleksinin açılış mərasimi keçirilmişdir

22 oktyabr 2021-ci il tarixdə 44 günlük Vətən Müharibəsində şəhid olmuş Suraxanı rayonu Əmircan qəsəbəsi sakini şəhid əsgər (MAHHXHQ) Kirxlarov Nazim Nadir oğlunun adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş bulaq – abidə kompleksinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Afət xanım Həsənova, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak etmişlər.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov torpaqlarımızın işğaldan azad edilməsində, möhtəşəm qələbənin qazanılmasında misilsiz şücaət göstərən Nazim Kirxlarova və onun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləmiş və bildirmişdir ki, şəhidlərimizin əzmi, iradəsi, qəhrəmanlığı sayəsində 30 illik həsrətə son qoyulmuş, düşmən tapdağında olan torpaqlarımız azad olunmuşdur. Bu gün şəhidlərimizin evi ziyarətgah yerimiz, fəxrlə açacağımız qapı və bir ömür boyu unutmayacağımız ünvandır.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bulaq – abidə kompleksinin açılış mərasimində çıxş edərək bildirmişdir ki, bütün şəhid ailələrinə və qazilərə qarşı Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın böyük diqqəti danılmazdır. Təşkilat sədri vurğulamışdır ki, bu gün açılışını etdiyimiz bulaq – abidə kompleksi də ali dövlət rəhbərlərinin qayğısının bariz təzahürüdür. Bu qayğı, bu diqqət bütün şəhid ailələrinə şamil olunmaqdadır. Şəhid Kirxlarov Nazimin bulaq – abidə kompleksinin timsalında biz onun ruhunu daim yaşadacağıq. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək üzərində şəhidin təsviri toxunmuş xalçanı ailəyə təqdim etmişdir.

Milli Məclisin deputatı Afət xanım Həsənova bildirmişdir ki, əsgər (MAHHXHQ) Kirxlarov Nazim Nadir oğlu da digər şəhidlərimiz kimi bir an belə tərəddüd etmədən vətənin azalığı uğrunda canlarından keçmişlər. Peşakar hərbiçi olan Nazim haqqında dostlarının, döyüş yoldaşlarının xatirələri bir daha sübut edir ki, Şəhidimiz müqqədəs amallar üçün böyük fədakarlıqlar etmişdir. Daha sonra mərasim iştirakçıları şəhid əsgər (MAHHXHQ) Kirxlarov Nazim Nadir oğlunun şəhadətinin ildönümü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər. Öncə Suraxanı rayon Əmircan qəsəbəsinin Şəhidlər Xiyabanında şəhid Kirxlarov Nazimin məzarı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.

Şəhid əsgər (MAHHXHQ) Kirxlarov Nazim Nadir oğlunun il mərasimi “ Elçin” mərasim evində davam etmişdir. Qeyd edək ki, şəhid əsgər (MAHHXHQ) Kirxlarov Nazim Nadir oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.