15 noyabr 2021-ci il tarixdə Hövsan qəsəbəsində Vətən Müharibəsi şəhidi leytenant Yusubov Elzar Süleyman oğlunun adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş bulaq-xatirə kompleksinin açılış mərasimi keçirilib. Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, qəsəbə sakinləri, mətbuat nümayəndələri və şəhidin doğmaları iştirak etmişlər.
Suraxanı RİH başçısı Əziz Əzizov dövlətimizin şəhid ailələrinə ali qayğısından bəhs edərək bildirmişdir ki, hər bir şəhid ailəsi diqqətdə saxlanılır. Əziz Əzizov Elzarı boya-başa çatdıran ailəsinə təsəlli vermiş, vətənimizə gərəkli övlad yetişdirdiyi üçün bir daha təşəkkür etmişdir. Həmçinin, Elzar kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusunun şanlı qələbələrə imza atdığını qeyd edən Əziz Əzizov şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacaqlarını, onların xatirəsinin daim əziz tutulacağını bildirmişdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən leytenant Yusubov Elzar Süleyman oğlunun 3-cü dərəcəli “Rəşadət” ordeni, “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmasının dövlətin və Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə qarşı diqqətinin təzahürü olduğunu bildirdi.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.