Şuşada keçirilmiş V Xarıbülbül Beynəlxalq Folklor Festivalı mühum tarixi hadisədir

Şuşada keçirilmiş V Xarıbülbül Beynəlxalq Folklor Festivalı mühum tarixi hadisədir

Ənvər Haqverdiyev

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi

Müharibədən ötən iki il ərzində Şuşada həyata keçirilmiş ictimai-siyasi, mədəni-kütləvi tədbirlərin sayı kifayət qədərdir. Görüşlərin əhəmiyyəti və keyfiyyəti isə çox yüksəkdir. Ermənilər uzun illər əsassız iddialar irəli sürürdülər ki, güya Şuşa erməni şəhəridir. Lakin işğaldan azad olunduqdan sonra bəlli olmuşdur ki, 30 ilə yaxın işğal dövründə mənfur qonşular daş üstünə daş qoymayıblar. Hətta Şuşadakı çal-çağıra Xankəndindən birbaşa, İrəvandan vasitəli baxan ermənilər özləri indiki və bundan əvvəlki hakimiyyətdə təmsil olunanlara sosial şəbəkələrdə bir sual ünvanlayırlar. Əgər bu torpaqlar doğrudan da erməni torpaqları idisə, niyə bu günə qədər orada Azərbaycanın etdiklərini bizlər etmədik?! Və yaxud insan öz torpağını dağıdarmı? İnsan evini sökərmi? İnsan ona doğma olan yurdu məhv edərmi? Əlbəttə, etməz! Bir gün torpağın əsil sahiblərinin gələcəyini bilən ermənilərin Qarabağa, işğal olunmuş digər torpaqlara qarşı laqeyd davranışları başa düşüləndir. Torpağın əsil sahibləri gəldilər və bu gəliş sözün bütün mənalarında toy-bayramdır.

Qarabağın bərpası prosesi davam edir. Qarabağ bərpa olunmur, demək olar ki, başdan yaradılır. Yeni şəhərlər, kəndlər inşa edilir. Prezidentin son səfəri zamanı Füzuli rayonunda iki böyük binanın bünövrəsi qoyulmuşdur. Bunlardan biri Füzuli şəhər Peşə Məktəbidir. Qarabağ iqtisadi rayonunda böyük bərpa prosesi gedir ki, oraya əhali qayıdanda bütün həyat şəraiti ilə təmin olunsunlar. Eyni zamanda ixtisaslı kadrların yetişməsi üçün peşə, orta ixtisas və ali təhsil ocaqlarına böyük ehtiyac duyulacaqdır. Füzuli şəhər Peşə Məktəbinin tikintisi də məhz bu məqsədə xidmət edir. Çoxsaylı iş yerləri açılacaqdır. Bu iş yerləri üçün ixtisaslı kadr məsələsi böyük əhəmiyyət kəsb edir.

Füzuli şəhərində Mərkəzi Xəstəxananın tikilib istifadəyə verilməsi də buraya gələcək insanların sosial vəziyyətlərinin və sağlamlıqlarının qorunmasında önəmli məqamdır. Dövlət vətəndaşmərkəzli sosial siyasət həyata keçirərək insanların sağlamlığına böyük əhəmiyyət verir. Hər regionda, hər şəhərdə böyük xəstəxanaların olması o bölgə üçün böyük töhfədir. Cənab Prezidentin təməlini qoyduğu müasir texnologiyalarla təmin olunmuş Füzuli şəhər Mərkəzi Xəstəxanası böyük qayıdış prosesinə müsbət təsir göstərəcəkdir.

Şuşada bərpa prosesi ölkə başçısının şəxsi nəzarətindədir. Heydər Əliyev Fondunun rəhbərliyi ilə davam edən bərpa prosesi uğurla öz məqsədlərinə çatmaq üzrədir. Bu dəfəki, səfər zamanı Şuşa şəhər administrasiyasının binasında son tamamlanma işlərinə, Şuşada Şirin su hamamının təmir prosesinə, Azərbaycan tarının müasir simasını formalaşdıran Sadıqcanın evinin bərpasına və Mehmandarovların malikanəsinin yenidəqurma işlərinə baxış keçirən dövlət başçısı lazımi tapşırıqlarını verərkən bir məqama xüsusi diqqət yetirmişdir ki, hər bir bina öz ilkin forması saxlanılmaqla bərpa edilsin.

Prezident Şuşada müasir məscid kompleksinin və butik otelin tikintisi ilə də yaxından tanış olmuşdur. Şuşanın turistizm məkanı olması ilə yanaşı mənəvi dəyərlərin qorunduğu bir mərkəz olması üçün görülən işlərə xüsusi diqqətlə yanaşılması vacib məqamdır. Prezident eyni zamanda da Şuşa Realnı məktəbinin dağılmış binasında görülən işlərlə yaxından maraqlandı. Bu tarixi təhsil ocağının yenidən Şuşaya, Qarabağa və Azərbaycana dəyərli elm xadimləri, ziyalılar bəxş edəcəyi günlər elə də uzaqda deyildir.

2022-ci il Şuşa ilidir. Cənab Prezident tərəfindən Şuşa ölkəmizin Mədəniyyət paytaxtı elan olunub. Gözəl Şuşamızın 270 illik yubileyini qeyd etdiyimiz bu il ərzində bütün mötəbər tədbirlər demək olar ki, Şuşamızda keçirilir. Bu, əlbəttə, təsadüfi deyildir. Buna iki əsas səbəb vardır. Birincisi, uzun illər ərzində Şuşaya, Qarabağa olan həsrət, ikincisi isə Vətən Müharibəsində əldə olunan tarixi zəfərin dünya birliyinə qəbul etdirilməsidir. Biz torpaqlarımızı ona görə azad etməmişik ki, oralar boş qalsın, orada heç bir tədbir və yaxud da yaşayış təmin edilməsin. Biz bu torpaqlara həyata gətirmək, o əraziləri cənnətə çevirmək üçün doğma torpaqlarımızı azad etmişik.

Beynəlxalq konfranslar, ictimai xadimlərin, jurnalistlərin, xarici ölkələrin səfirlərinin görüşləri, Milli Məclisin müxtəlif komitələrinin iclasları, mədəni-kütləvi görüşlər, Dünya Azərbaycanlılarının Zəfər Qurultayı, I Kulinariya festivalı, V Xarıbülbül Beynəlxalq Folklor festivalı və sair vacib toplantılar Şuşa şəhərində keçirilmişdir. Biz qayıtmışıq. Öz torpaqlarımızda həyatı bərpa etməyə qayıtmışıq. İşğaldan azad olunandan sonra Prezident Şuşada dəfələrlə olmuşdur. Ötən il və bu il elə bir əlamətdar hadisə olmamışdır ki, cənab Prezident Qarabağda, Şuşada olmasın. Öz ad gününü belə Şuşada qeyd edən cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə də Şuşada idi. Oradan Azərbaycan xalqının Ümummilli Liderə olan sevgisini, sayğısını ifadə edən İlham Əliyev xalqa müraciət ünvanlamışdır. Ulu Öndərin anadan olmasının 98-cü ildönümündə cənab Prezident Naxçıvanda idi. Bu il isə Şuşada olması böyük siyasi məqamları özlüyündə ehtiva edir. Ümummilli Liderin 100 illik yubileyində Zəngilandan Naxçıavana qədər Zəngəzur dəhlizi vasitəsi ilə səfər edilməsi isə bütün xalqımızın arzusudur. Ümid edirik ki, danışıqlar prosesi müsbət nəticələnər və sonda regiona birdəfəlik davamlı və dayanıqlı sülh gələr. Bu, Ermənistanın da xeyirinə olardı. Çünki Azərbaycan onsuzda qarşısına qoyduğu milli hədəflərə çatacaqdır.

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan V Xarıbülbül Beynəlxalq Folklor Festivalı mühum tarixi hadisədir. Bilirsiniz ki, 1989-cu ildə ildə ilk dəfə Xan Şuşinskinin doğum günü ərəfəsində keçirilən Xarıbülbül Beynəlxalq Folklor Festivalı hər il may ayında, Xarıbülbülün çiçək açdığı aylarda keçirilir. Şuşa işğal olunduqdan sonra bu festival da yarımçıq qalmışdı. İndi isə biz qayıtmışıq. Biz dünyaya əldə etdiyimiz zəfərin miqyasını bu cür tədbirlərlə bildiririk. Belə ki, fərqli xalqların mədəniyyətlərinin təmsil olunduğu bir festivala çevrilən Xarıbülbül Beynəlxalq Folklor Festivalı müxtəlif ölkələrdən Şuşaya gələn qonaqlara Azərbaycanın necə dərin köklərə malik mədəniyyət ölkəsi olduğunu sübut etmişdir. Bu,  bütün xalqların bir yerdə sülh içində yaşadığı tolerant bir ölkə olduğunu nümayiş etdirir. Biz bu cür mədəni-kütləvi tədbirlər hesabına Şuşa uğrunda can vermiş, qan tökmüş igidlərimizin adlarını bir daha tarixə yazırıq. Orada olan hər bir iştirakçı ölkəsinə çox fərqli duyğularla qayıdır. Bizim bununla da Şuşanın yalnız tarixi və mənəvi dəyərlərə malik şəhər kimi deyil, eyni zamanda da turizm şəhəri kimi dünyaya tanıdırıq. Biz Şuşada və Qarabağın başqa məskənlərində onlarla belə tədbirlər, görüşlər, festivallar keçirəcəyik. Bizim dəmir iradəmiz və tarixin minilliklərindən süzülüb gələn mədəniyyətimiz buna imkan verir.