“Azərbaycan bütün dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü tərəfdaşdır”

“Azərbaycan bütün dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü tərəfdaşdır”

Yarandığı ilk gündən etibarən Azərbaycan ümumbəşəri dəyərlərə, beynəlxalq münasibətlərdə qəbul olunmuş standartlara sadiqlik nümayiş etdirir. Ölkəmizin xarici siyasətində qonşu dövlətlərlə münasibətlər hər zaman mühüm yer tutmuşdur. Hər bir ölkənin təhlükəsizliyinin və inkişafının göstəricilərini həm də, qonşuları ilə münasibətləri müəyyən edir. Yaxın qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı özünə tərəfdaş ölkə sayır.

 

Rusiya ilə əlaqələrimiz tarixi köklərə malikdir. Bu il Rusiya ilə diplomatik münasibətlərin yaranmasının 30 ili tamam olur. İlham Əliyev prezidentliyi dövründə də, bir çox əhəmiyyətli sənədlər imzalanmışdır. Belə ki, 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti” bəyannamə imzalayıblar.

Rusiyanın regiondakı nüfuzunu, 44 günlük Vətən Müharibəsindəki rolunu nəzərə alsaq, o zaman belə bir sənədin imzalanması labüd olduğunu görərik. Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni regional nizam formalaşıb. Bu nizamın əsas tərəfdaşları Azərbaycan, Türkiyə və Rusiyadır. Ötən ilin yayında Türkiyə ilə birgə müttəfiqlik haqqında “Şuşa Bəyannaməsi” imzalanmışdır. Bu bəyannamə iki qardaş ölkənin müttəfiqliyini daha yüksək səviyyəyə daşıdı. Rusiya ilə bağlanan bu sənəd isə ikinci belə sənəddir. Bu müqavilədə hər iki dövlətin və xalqın mənafeləri maraqları nəzərə alınır.

Müqavilə rəsmi Moskva və Bakı arasında münasibətləri tənzimləyir. Azərbaycanın Gürcüstan, Ukrayna,Türkiyə münasibətlərinə heç bir xələl gətirməyəcək.Cəmiyyətdə səslənən populist çıxışlara cavab olaraq müttəfiqlik və ittifaq sazişlərini eyniləşdirmək olmaz. Birmənalı olaraq qeyd etmək lazımdır ki, sənədin imzalanması İlham Əliyevin milli maraqlarımızın qorunmasında atdığı növbəti vacib addımdır.

Gülzadə Məmmədova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri