“Şuşa Bəyannaməsi”nin praktiki nəticələr artıq öz bəhrəsini verir

“Şuşa Bəyannaməsi”nin praktiki nəticələr artıq öz bəhrəsini verir

Fərəh Hüseynova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 141 nömrəli tam orta məktəbin direktoru

Azərbaycan və Türkiyə liderləri arasında 2021-ci ilin iyun ayının 15-də Şuşa Bəyannaməsinin imzalanmasından iki il ötür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında müttəfiqliyə dair bütün şərtləri özündə ehtiva edir. Şuşa Bəyannaməsi yeni regional düzənin yaranmasına səbəb oldu.  Bu Bəyannamənin  imzalanması ilə Azərbaycan və Türkiyə arasındakı əlaqələr  hüquqi müstəviyə keçdi. Bəyannamə hər iki ölkə arasında taktiki deyil, strateji hədəflərə hesablanan və qlobal proseslər fonunda daha monolit münasibətlər sisteminin yaradılmasını özündə ehtiva edir.

Şuşa Bəyannaməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət,  iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" prinsipləri əsasında iki dövlətin strateji münasibətlərinə yeni yanaşma sərgilədi.

Əlavə olaraq, sənəddə tərəflərin regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluq münasibətləri də qeyd edilmişdir. Azərbaycan və Tükiyə regionda və qlobal aləmdə mövcud olan münaqişələrin həllinə, təhlükəsizliyin təminatına da öz töhvələrini vermişdir.

Sənəddə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit- nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan-Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər yer almışdı.  Bəyanatdan keçən son iki ildə bu istiqamətlərdə bir sıra addımlar atılıb, proses davam edir.

2021-ci ilin oktyabr ayının 26-da Zəngəzur dəhlizinin təməli qoyuldu. Bu dəhlizin açılması ilə ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək.

Azərbaycanın qarşısında dayanan vəzifə iki il öncəki kimi eynidir: İlham Əliyevin dediyi kimi Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modeli halına gətirilməli, Qarabağda separatçılar tərksilah edilməli, Ermənistanla sərhəd tam nəzarətə götürülməli, azərbaycanlıların Qarabağın bütün məntəqələrinə qayıdışını təmin edilməli və Zəngəzur dəhlizi işə salınmalıdır.

“Şuşa Bəyannaməsi”nin praktiki nəticələr artıq öz bəhrəsini verir. Belə ki, Azərbaycan Ordusunun Türkiyə modelinə keçməsi üçün konkret addımlar atılır. Eləcə də Azərbaycan Ordusunun Türkiyə modelinə, NATO standartlarına uyğunlaşması prosesi uğurla davam edir. Digər dövlət qurumları da gündəliklərini “Şuşa Bəyannaməsi”nin tələblərinə uyğunlaşdırırlar.

Ötən il ərzində iki ölkənin Təhlükəsizlik Şuraları birgə toplantı keçiriblər. Bundan başqa 2021-ci ilin mayın 13-də Azərbaycanın və Türkiyənin Təhlüksizlik Şuraları arasında anlaşma memarandumu imzalanıb. İki ölkənin müxtəlif hərbi texnikaların və pilotsuz uçuş aparatlarının birgə istehsalıyla bağlı müzakirələr davam edir.

Beləliklə, tarixi Şuşa Bəyannaməsi Azərbaycanın, o cümlədən Qarabağın təhlükəsizliyini Türkiyənin təminatı altına almış oldu. 1921-ci ilin Qars bəyannaməsinə görə Türkiyə Naxçıvanın təhlükəsizliyinin təminatçısıdr. Şuşa Bəyannaməsinə görə Türkiyə artıq Azərbaycanın, o cümlədən Qarabağın təhlükəsizliyinin təminatçısına çevrildi. Bu erməni separatizminə və onun havadarlarına ciddi xəbərdarlıq mahiyyəti daşıyırdı. Qarabağın istənilən məntəqəsinə hücum edib işğal etmək istəyən qüvvə bundan sonra Azərbaycanla yanaşı qarşısında Türkiyəni də görəcək.

Türkiyənin Şuşada açacağı baş konsulluğu Şuşanın və ümumilikdə Qarabağın təhlükəsizliyi baxımından faydalı olacaq. Qardaş ölkənin Şuşada baş konsulluq açmaq qərarı Azərbaycanın Qarabağ bölgəsi üçün yeni imkanlar açır. Bu imkanlar həm Şuşaya qayıdacaq şuşalılar, həm ətraf rayonların sakinləri, həm də Qarabağda yaşayan ermənilər üçün firavan gələcək vəd edir.

Beləliklə də Şuşa Bəyannaməsi bölgəyə və xüsusən də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır və regionun getdikcə artan investisiya potensialı bu ərazilərdə yeni, daha mütərəqqi və səmərəli iqtisadi münasibətlərin formalaşmasına yol açır.