Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın səfəri: Strateji tərəfdaşlığın yeni səhifəsi

Sentyabrın 30-da İtaliya Prezidenti Sercio Mattarella Azərbaycana rəsmi səfər etdi. Bu, onun ölkəmizə ikinci səfəri idi və bu görüş iki dövlət arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bir daha göstərdi. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda vurğuladı ki, Azərbaycan və İtaliya bu gün əsl strateji tərəfdaşlardır və əməkdaşlıq bütün sahələrdə genişlənməkdədir. Azərbaycan ilə İtaliya arasında siyasi münasibətlərin əsası çox möhkəm təməl üzərində qurulub. 2015-ci ildə iki ölkə arasında strateji tərəfdaşlıq haqqında ilk sənəd imzalanıb. Daha sonra 2020-ci ildə “Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ilə bu münasibətlər daha da dərinləşib. Prezident İlham Əliyevin sözlərinə görə, bu illər ərzində əlaqələr sürətlə inkişaf edib, xüsusən də iqtisadi və enerji sahəsində uğurlar diqqətəlayiqdir.
Hazırda İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. İki ölkə arasında illik ticarət dövriyyəsi davamlı olaraq artır. Enerji sahəsində həyata keçirilən mühüm layihələr, xüsusilə Trans-Adriatik Boru Kəməri (TAP) bu əməkdaşlığın əsas simvollarındandır. Məhz bu layihə sayəsində 2020-ci ildən etibarən Azərbaycan qazı İtaliyaya və digər Avropa ölkələrinə ixrac edilir. Prezident İlham Əliyev xatırladıb ki, TAP layihəsinin uğurla həyata keçirilməsində Prezident Mattarellanın şəxsi rolu böyük olub. Onun səfərdən sonra məsələni diqqətdə saxlaması nəticəsində layihənin qarşısındakı çətinliklər aradan qaldırılıb. Bu gün isə Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı 14 ölkəyə çatdırılır. Bu, Azərbaycanın qlobal enerji təhlükəsizliyində mühüm rol oynadığını göstərir.
Azərbaycan və İtaliya arasında münasibətlər təkcə enerji sahəsi ilə məhdudlaşmır. İki ölkə arasında humanitar, təhsil və mədəni əlaqələr də yeni mərhələyə qədəm qoyub. Bu istiqamətdə ən mühüm hadisələrdən biri İtaliya-Azərbaycan Universitetinin yaradılmasıdır. Universitetin təməli 2022-ci ildə qoyulmuş, bu ilin oktyabrında isə ilk tədris korpuslarının açılışı baş tutmuşdur. Layihə Prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya səfəri zamanı irəli sürdüyü təşəbbüs əsasında həyata keçirilib. ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli, Sapienza, Turin Politexnik, Bolonya və Milan Politexnik universitetləri arasında əməkdaşlıq müqavilələri imzalanıb.
Hazırda burada 640-dan çox tələbə təhsil alır. Tədris proqramları memarlıq, mühəndislik, dizayn, kənd təsərrüfatı və idarəetmə kimi müasir ixtisasları əhatə edir. İtaliya təcrübəsinə əsaslanan tədris sistemi, müasir laboratoriyalar və ikili diplom proqramları bu universiteti regionda unikal bir elm mərkəzinə çevirir. Prezident İlham Əliyevin sözlərinə görə, bu layihə iki ölkə arasında səmimi münasibətlərin və qarşılıqlı inamın nəticəsidir. “İtaliya-Azərbaycan Universiteti bizim dostluğumuzun rəmzidir və gələcək nəsillərin elmi, mədəni və mənəvi körpüsü olacaq,” – dövlət başçısı qeyd edib.
Səfər zamanı Avropa İttifaqı-Azərbaycan əlaqələri də diqqət mərkəzində olub. Prezident İlham Əliyev bildirib ki, İtaliya, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına hər zaman dəstək göstərib. Son illərdə bu əlaqələrdə müsbət dinamika müşahidə olunur. İtaliya Azərbaycanın etibarlı tərəfdaşı kimi həm enerji təhlükəsizliyi, həm də iqtisadi əməkdaşlıq istiqamətlərində önəmli rol oynayır.
İtaliya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və strateji tərəfdaşlığın növbəti möhkəmlənməsi deməkdir. Energetika, elm, təhsil və texnologiya sahələrində birgə layihələr bu münasibətləri yeni səviyyəyə yüksəldir. Azərbaycan və İtaliya arasında qurulan bu qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modeli, uzaq coğrafiyada yerləşən ölkələrin necə səmimi tərəfdaş ola biləcəyini göstərən nümunədir.