“Şuşa Bəyannaməsi” fövqəladə əhəmiyyətə malik sənəddir

“Şuşa Bəyannaməsi” fövqəladə əhəmiyyətə malik sənəddir

Elvina Əhmədova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin direktoru

15 iyun 2021-ci ildə Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Həqiqətən də Türkiyə - Azərbaycan münasibətlərinin çox dərin kökləri var. Bu gün bu münasibətlərin yeni müstəviyə çıxdığını, qədəm qoyduğını görürük. Bu baxımdan da demək lazımdır ki, Türkiyə-Azərbaycan münasibətləri elə bir geosiyasi amilə çevrilib. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi ölkəmizin diplomatik tarixinin ən mühüm sənədlərindən biri kimi qiymətləndirilməlidir. İki dövlət arasında 300-dən çox razılaşmanın imzalanmasına baxmayaraq, öz əhəmiyyətinə görə “Şuşa Bəyannaməsi” fövqəladə əhəmiyyətə malik sənəddir.

Uzun illərdən bəri iki dost və qardaş dövlətlər arasında mövcud olan strateji münasibətlər və bütün sahələrdə sıx əməkdaşlıq keyfiyyətcə ən mükəmməl formata qədər – müttəfiqlik münasibətlərinədək yüksəlmişdir. Nəzərə almaq lazımdır ki, bu cür yeni münasibətlər arxitekturası kompleks şəkildə təhlükəsizliyinin təmin edilməsində, iqtisadi inkişafın və regional iqtisadi inteqrasiya proseslərinin surətləndirilməsində mühüm rol oynayacaq.

Müqavilədə digər vacib məqamlardan biri iqtisadi-nəqliyyat məsələləri ilə bağlıdır. Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamədə xüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir. Bəyannamədə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələləri yer alır. Sənəddə xüsusilə vurğulanır ki, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərbdəki bölgələriylə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin (Zəngəzur dəhlizi) açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə əhəmiyyətli dərəcədə kömək edəcək.

Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” üçün yol xəritəsidir, yeni-yeni səfərlərə aparacaq “naviqasiya” sistemidir.

 Azərbaycan-Türkiyə münasibətləri Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunur. Bu münasibətlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə özünün zirvə mərhələsinə qədəm qoydu.