Suraxanıda təntənəli Novruz bayramı
Baharın gəlişinin carçısı olan Novruz bayramı Suraxanı rayonunda da böyük izdihamla qeyd olunub.
“Qafqazinfo” xəbər verir ki, martın 18-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilib.
Meydanın ortasında yerləşdirilən səməni, eləcə də Novruzun personajları olan Bahar qızı, Keçəl, Kosa şənliyə gələn qonaqlara yüksək bayram əhval-ruhiyyəsi bəxş ediblər. Məclisə faytonda daxil olan el ağsaqqalı Dədə Qorqudun cəngavərlərlə birgə “Atəşgah Məbədi”ndən götürdüyü odla bayram tonqalını alovlandırması və xalqımızı qədim el bayramı münasibətilə ürəkdən təbrik etməsi Novruz şənliyinin ən maraqlı məqamlarından biri olub.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatlarının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin və rayon ictimaiyyətinin qatıldığı bayram şənliyində mədəniyyət müəssisələrinin, qəsəbə nümayəndəliklərinin və bələdiyyələrin təqdimatında müxtəlif sənət nümunələrinin nümayiş olunması, milli rəqslər və musiqilər, cəngi sədaları altında idmançıların rəngarəng çıxışları və kəndirbazların akrobatik hərəkətləri qonaqların əhval-ruhiyyəsinə bayram ovqatı qatıb.
Yazın gəlişini bildirən və xalqımızın milli–mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, ümumi və məktəbəqədər təhsil müəssisələrinin novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaları və maraqlı çıxışları, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
Həmçinin, o, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, qədirbilən xalqımızın qətiyyətli Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşmaları, eləcə də Müzəffər Ali Baş komandanın rəhbərliyi ilə bütövləşmiş yurdumuzun hər guşəsində Şanlı Qələbəmizin əbədi bahar gətirdiyi bu əziz bayramın Zəfər ovqatı ilə qeyd edildiyini diqqətə çatdırıb.
Hər bir Azərbaycanlının sevinc və qürur hissinə çevrilmiş bu qələbədə canlarından keçməklə xalqımızın azadlığı uğrunda qəhrəmanlıq dastanı yazan bütün Şəhidlərimizin xatirəsi bu əziz gündə bir daha ehtiramla yad edilib.