Suraxanı rayonunda "Xalqa bağışlanan ömür" adlı tədbir keçirilib

Suraxanı rayonunda "Xalqa bağışlanan ömür" adlı tədbir keçirilib

Suraxanı rayon Nail Salamov adına 97 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilmiş "Xalqa bağışlanan ömür" adlı tədbir keçirilmişdir. Tədbirdə 97 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Elnarə Məmmədova, Suraxanı RİH-nin nümayəndəsi Gülşən Şıxlarova, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavini, Şəhid atası Əli Qasımov, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavini Hicran Şərifov, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin bir qrup nümayəndəsi iştirak etmişlər.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edən natiqlər bildirmişlər ki, Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Ulu Öndər Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Bu dahi insanın təliminə görə siyasət və uzaqgörənlik qarşılıqlı vəhdətdədir. Çıxışçılar xüsusi qeyd etmişlər ki,  Ulu Öndər reallığı düzgün qiymətləndirən, zəngin təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini öncədən görməyə imkan verən dahi şəxsiyyət idi. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.

Tədbir məktəbin müəllim-şagird kollektivinin hazırladığı nümunəvi çıxışlarla davam etmişdir.