Suraxanı rayonunda “Vətənə Həsr Olunmuş Gənc Zabit Ömrü” adlı tədbir keçirilmişdir

Suraxanı rayonunda “Vətənə Həsr Olunmuş Gənc Zabit Ömrü” adlı tədbir keçirilmişdir

17 dekabr 2024-cü il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Şəhid baş leytenant Orxan Hüseynova həsr olunmuş Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının və Qərbi Azərbaycan İcmasının birgə təqdim etdiyi “Vətənə Həsr Olunmuş Gənc Zabit Ömrü” adlı tədbir keçirilmişdir.

Tədbirdə YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu, Akademik, Bakı Dövlət Universitetinin üzvi kimya kafedrasının müdiri, Qərbi Azərbaycan İcması Amasya Rayon İcmasının sədri Abel Məhərrəmov, Qərbi Azərbaycan İcmasında Vorontsovka Rayon İcmasının sədri yazıçı-jurnalist Miraslan Bəkirli, Şəhid ailə üzvləri, qazilər və Suraxanı rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qərbi Azərbaycan İcması tərəfindən hazırlanmış gənc zabit, şəhid Orxan Hüseynovun həyat və döyüş yoluna həsr olunmuş “Qəhrəmanlar ölmür” adlı sənədli filmi Suraxanı rayon ictimaiyyətinə təqdim edilmişdir. Daha sonra 146 nömrəli və 84 nömrəli tam orta məktəblərin şagirdləri vətənpərvər ruhda hazırlanmış bədii kompazisiyalarla çıxış etmişlər.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidlərimizin əziz xatirələrini ehtiramla yad edərək dedi ki, son 4 illikdə Suraxanı rayonunda yaşayan hər bir şəhid ailəsinin evini dəfələrlə ziyarət ediblər və onlarla doğma ailə kimi olublar. Yerli təşkilatın sədri bildirmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi altında dövlətimiz qəhrəman şəhidlərimizin şücaəti hesabına 30 illik həsrətə son qoyub. Vüqar Seyidov şəhid Orxan Hüseynovun böyük qəhramanlıq göstərərək əsil komandir kimi, əsgərlərini ölümdən qoruyaraq şəhid olduğunu bildirmişdir.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü,  Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu çıxış edərək şəhidlərimizin xalqımızın milli qürurunu yüksəltdiyini bildirmişdir. Milli Məclisin deputatı demişdir ki, xalqımız və dövlətimiz vahid amal uğrunda necə ki, birləşib Qarabağı azad edib, elə də Qərbi Azərbaycan torpaqlarına geri qayıdacaqdır. Qərbi Azərbaycan İcmasının sədr müavini buna inandığını və əmin olduğunu bildirdi.

Akademik, Bakı Dövlət Universitetinin üzvi kimya kafedrasının müdiri, Qərbi Azərbaycan İcması Amasya Rayon İcmasının sədri  Abel Məhərrəmov da öz növbəsində şəhidlərimizin and yerimiz olduğunu demişdir. Az yaşlı uşaqların vətənpərvər ruhda tərbiyəsinin əhəmiyyətini vurğuladı. Şəhid Orxan Hüseynovun Vətən qarşısında xidmətlərinin böyük olduğunu ifadə etdi.

Qərbi Azərbaycan İcmasında Vorontsovka Rayon İcmasının sədri  yazıçı-jurnalist Miraslan Bəkirli “Qəhrəmanlar ölmür” adlı sənədli filminin ərsəyə gəlməsindən bəhs edərək dedi ki, Şəhid Orxan Hüseynovun qəhramanlıqları bir filmlə məhdudlaşa bilməz.

Şəhid Orxan Hüseynovun məzun olduğu Suraxanı rayonu 146 nömrəli tam orta məktəbin direktoru, YAP Suraxanı rayon təşkilatının sədri Qasım Qasımov da öz növbəsində demişdir ki, Məktəblilərin kiçik yaşlardan bu cür tədbirlərdə fəal iştirakları həm şəhidlərimizin əziz xatirələrini əbədiyaşar edir, həm də yeni qəhrəmanların yetişməsinə öz müstəna töhfələrini verir. 

Sonda şəhid baş leytenant Orxan Hüseynovun atası Bəhmən Hüseynov çıxış edərək göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, çox hörmətli Mehriban xanım Əliyeva və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildiriblər.