Suraxanı rayonunda şəhidlərin doğum günü unudulmur

Suraxanı rayonunda şəhidlərin doğum günü unudulmur

10 oktyabr 2021-ci il tarixdə Hövsan qəsəbəsində Vətən Müharibəsi şəhidi əsgər Mərdanov Vaqif Ədalət oğlunun doğum günü münasibəti ilə adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş bulaq-xatirə kompleksinin açılış mərasimi keçirilib. Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, qəsəbə sakinləri, mətbuat nümayəndələri və şəhidin doğmaları iştirak etmişlər. Suraxanı RİH başçısı Əziz Əzizov dövlətimizin Şəhid ailələrinə ali qayğısından bəhs edərək bildirmişdir ki, hər bir şəhid ailəsi diqqətdə saxlanılır. Əziz Əzizov Vaqifi boya-başa çatdıran ailəsinə təsəlli vermiş, vətənimizə gərəkli övlad yetişdirdiyi üçün bir daha təşəkkür etmişdir. Həmçinin, Vaqif kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusunun şanlı qələbələrə imza atdığını qeyd edən Əziz Əzizov Şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacaqlarını, onların xatirəsinin daim əziz tutulacağını bildirmişdir. Şəhidin ad günü münasibəti ilə keçirilən tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Vaqifin Vətən Müharibəsində şəhid olmuş ən gənc Suraxanı rayon sakinlərindən biri olduğunu xatırladaraq onun öz israrı ilə, təkidlə hərbi xidmətə getdiyini ifadə etmişdir. Cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən əsgər Vaqif Mərdanovun bir neçə medallarla təltif olunmasının dövlətin və Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə qarşı diqqətinin təzahürü olduğunu bildirdi. Daha sonra o, təşkilat adından şəhidin ailəsinə “Anım lövhəsi” və şəhidin təsvrinin üzərində toxunduğu xalçanı təqdim etmişdir. Milli Məclisin deputatı Sevinc Fətəliyeva şəhidimizin Ermənistan Silahlı Qüvvələrinin təcavüzü ilə başlanan hücumları nəticəsində cəbhənin Füzuli-Qubadlı istiqamətlərində fəal iştirak etdiyini ifadə etmiş, gənc Vaqifin Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə də böyük qəhrəmanlıq göstərərək 2020-ci il noyabrın 3-də Qubadlı döyüşlərində şəhid olduğunu bildirmişdir. Daha sonra tədbir şəhid Vaqif Mərdanovun da məzunu olduğu Suraxanı rayonu 118 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə bədii-kompozisiyalarla davam etmişdir. Onlar vətənpərvər ruhda şeirlər söyləyərək Vətən Müharibəsi şəhidlərinin qəhrəmanlıqlarını vəsf etmişlər. Qeyd edək ki, şəhid əsgər Mərdanov Vaqif Ədalət oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” , "Cəsur döyüşçü", “Cəbrayılın azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.