Suraxanı rayonunda şəhid Muxtar Qasımlının anım günündə adını daşıyan idman döyüş növləri mərkəzinin açılış mərasimi keçirilmişdir

Suraxanı rayonunda şəhid  Muxtar Qasımlının anım günündə adını daşıyan idman döyüş növləri mərkəzinin açılış mərasimi keçirilmişdir

2 oktaybr Vətən Müharibəsi şəhidi əsgər Qasımlı Muxtar Əli oğlunun şəhadətə qovuşduğu gündür. Şəhidimizin şəhadətə qovuşmasının ikinci ildönümü ilə əlaqədar adının əbədiləşdirilməsi məqsədi ilə təşkil olunmuş “Muxtar Qasımlı” adına idman döyüş növləri mərkəzinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Milli Məclisin sədr müavini Adil Əliyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, deputat Etibar Əliyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak etmişlər.

Öncə şəhid Muxtar Qasımlının əbədi istirahətgahı qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur. Daha sonraVətən Müharibəsi şəhidi əsgər Qasımlı Muxtar Əli oğlunun  adının əbədiləşdirilməsi məqsədi ilə təşkil edilmiş idman döyüş növləri mərkəzinin açılışı olmuşdur.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıb. Qeyd edib ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildirmişdir ki, Müzəffər Ali Baş Komandan öz çıxışlarında hər dəfə şəhid ailələri, qazilər və veteranlara olan doğma münasibəti ifadə edir. Cəmiyyətimizin hər bir üzvünün vətəndaşlıq borcudur ki, həssas təbəqədən olan insanlara xüsusi qayğı ilə yanaşsın. Yerli təşkilatın  sədri şəhid Muxtar Qasımlının əziz xatirəsinə həsr olunmuş “Muxtar Qasımlı” adına idman döyüş növləri mərkəzinin açılmasını yüksək qiymətləndirmiş və öz əminliyini bildirmişdir ki, Suraxanı rayonunda gələcək nəsillərin sağlam formalaşmasında, asudə vaxtlarının səmərəli təşkilində bu mərkəzin müstəsna xidmətləri olacaqdır.

Şəhid Muxtar Qasımlının atası Əli Qasımov və anası Almaz Qasımova çıxış edərək Muxtar Qasımlı ilə bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar. Həmçinin şəhidlərin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər.

Mərasimdə çıxış edən digər qonaqlar şəhidlərin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıblar. Anım mərasimində məktəblilərin ifasında vətənpərvərlik şeirləri səsləndirilib. Sonra ehsan süfrəsi açılıb.

Qeyd edək ki, şəhid əsgər Qasımlı Muxtar Əli oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.